Elnarə Tofiqqızının ölümü ilə bağlı daha bir həkim barəsində cinayət işi başlanıb

Elnarə Tofiqqızının ölümü ilə bağlı daha bir həkim barəsində cinayət işi başlanıb
# 18 mart 2015 12:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Slavyan Universitetinin dekanı olmuş, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı daha bir həkimin barəsində cinayət işi başlanılıb.

E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin vəkili Səməd Vəkilovun APA-ya verdiyi məlumata görə, əməliyyatda assistent kimi iştirak etmiş həkim Fərəculla İdrisovla bağlı Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluğa cəhd) maddəsi ilə cinayət işi açılıb. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, bir müddət əvvəl Nəsimi rayon Polis İdarəsi F. İdrisovla bağlı cinayət işi açmaqdan imtina edib. Bundan sonra Anar Niftəliyev daxili işlər naziri Ramil Usubova müraciət edib. Nazirin göstərişindən sonra iş Bakı şəhər Baş Polis İdarəsinə göndərilib.

Onu da qeyd edək ki, həmin əməliyyatda iştirak etmiş həkimlərdən biri anestezioloq Firuz İbrahimovla bağlı hazırda Nəsimi Rayon Məhkəməsində məhkəmə prosesi davam etdirilir. O, Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən sənədi saxtalaşdırma) maddələrinə əsasən təqsirləndirilir.

1977-ci il təvəllüdlü E. Tofiqqızı 2013-cü il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb, nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR