Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları Çində keçirilən növbəti seminarda iştirak ediblər

Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları Çində keçirilən növbəti seminarda iştirak ediblər
# 19 avqust 2015 23:20 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nümayəndə heyəti 28 iyul - 17 avqust tarixlərində Çin Xalq Respublikasında "İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatının mexanikləşdirilməsi" mövzusunda keçirilən seminarda iştirak ediblər.

ADAU-dan APA-ya verilən xəbərə görə, seminar müddətində müvafiq sahələrin professorlarının mühazirələri dinlənilib, iştirakçılar kənd təsərrüfatı texnikası istehsalı ilə məşğul olan müəssisələrdə, Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Elmlər Akademiyasında (CAAMS) olublar. Akademiyada sıfır becərmə texnologiyaları, kənd təsərrüfatı məhsullarının emalı, aqrar siyasət, məhsul yığımında texnikanın tətbiqi, kənd təsərrüfatının mexanikləşdirilməsi üzrə milli siyasət, suvarmada suya qənaət texnologiyası, kənd təsərrüfatında internetin tətbiqinə dair mühazirələri dinlənilib, müzakirələr aparılıb. Həmçinin, seminar iştirakçıları Çinin aparıcı şirkətlərdən biri olan YTO Qrupunun istehsal etdiyi traktor yığımı zavodunda, Şanxay kənd təsərrüfatının mexanikləşdirilməsi xidməti mərkəzində, Qlobal tədqiqat və inkişaf mərkəzində, kənd təsərrüfatı məhsullarının istehsalı və qablaşdırılması şirkəti olan Yakultda olublar.

Dünyanın 17 ölkəsini təmsil edən nümayəndələrə ADAU əməkdaşları tərəfindən Azərbaycanın tarixi, bugünü, sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı, aqrar təhsil barədə verilmiş təqdimat böyük maraqla qarşılanıb. Seminarın sonunda iştirakçılara sertifikatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR