İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 43,4 mln. manat güzəştli kredit verilib

İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 43,4 mln. manat güzəştli kredit verilib
# 09 aprel 2015 12:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunun Agköynək kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, forumda Qazax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”, cins heyvandarlıq, üzümçülük və arıçılıq təsərrüfatlarının, ət kəsimi, pendir istehsalı, meyvəqurutma və günəbaxan tumlarının emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində 1 410 sahibkara 43,4 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5 145 investisiya layihəsinin maliyyələşdirilməsinə 186,1 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə suları istehsalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 23 400-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Qazax və ətraf rayonlardan olan 60 sahibkara 3,2 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, əkinçilik, üzümçülük, çörək istehsalı, istixana kompleksinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 120-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR