MSK partiya sədrinin müavininin və iki jurnalistin şikayətlərini əsassız sayıb

MSK partiya sədrinin müavininin və iki jurnalistin şikayətlərini əsassız sayıb
# 12 noyabr 2015 14:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasının iclasında noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar daxil olan müraciətlərə baxılıb.

APA-nın məlumatına görə, MSK 17 saylı Yasamal Üçüncü Seçki Dairəsində deputatlığa namizədliyi qeydə alınmış jurnalist İlhamiyyə Rzayevanın şikayətinin müraciət müddəti ötdüyü üçün şikayətçinin özünə qaytarılması barədə qərar qəbul edib.

MSK 42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış “Turan” İnformasiya Agentliyinin İqtisadiyyat redaksiyasının redaktoru Hafiz Babalının şikayətini əsassız sayıb. H. Babalı şikayətində seçkiqabağı təşviqata şərait yaradılmadığını, səsvermə günü pozuntulara yol verildiyini bildirib, nəticələrin ləğvini xahiş edib. MSK-nın apardığı araşdırma zamanı şikayətdə təqdim edilən aktlar mötəbər sayılmayıb. Məsələ səsverməyə çıxarılıb və H. Babalının şikayəti əsassız hesab olunub.

MSK 22 saylı Nəsimi İkinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Azərbaycan Demokrat Partiyası sədrinin müavini Rəşid Mənsurovun şikayətini də araşdırıb. R. Mənsurov şikayətində bildirib ki, seçkiqabağı təşviqat zamanı 22 saylı Nəsimi İkinci Seçki Dairəsində qeyri-bərabər şərait yaradılıb, səsvermə prosesində pozuntulara yol verilib. O, nəticələrin ləğvini xahiş edib. MSK-nın apardığı araşdırma zamanı 22 saylı Nəsimi İkinci Seçki Dairəsində seçkiqabağı təşviqat üçün bərabər şərait yaradıldığı, səsvermə günü R. Mənsurov və müşahidəçiləri tərəfindən hər hansı şikayət təqdim edilmədiyi, səsvermə prosesində seçki məntəqələrində qanun pozuntularına yol verilmədiyi, əksinə, namizədin müşahidəçilərinin səsvermə prosesinə mane olmağa cəhd göstərdikləri üzə çıxıb. Təqdim edilən video isə qeyri-prosessual yolla əldə olunduğundan mötəbər sübut kimi qəbul olunmayıb və R. Mənsurovun şikayəti əsassız sayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR