Bakı şəhər İcra Hakimiyyəti 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirib

Bakı şəhər İcra Hakimiyyəti 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirib
# 04 dekabr 2014 08:33 (UTC +04:00)

Bakı - APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Aparatının Kino Xidməti İdarəsi 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirib.

BŞİH mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ramanadakı Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində keçirilən tədbirdə "Sərhədsiz İncəsənət” layihəsi çərçivəsində tiflo və surdo şərhlə müşayiət olunan "Şərikli çörək" filmi nümayiş olunub.

Qeyd edək ki, BŞİH başçısı Hacıbala Abutalıbov Azərbaycanda yeni olan tiflo və surdo tərcüməli bir neçə filmin maliyyə dəstəyini öz üzərinə götürüb. Məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan insanlar üçün son dərəcə əhəmiyyətli olan bu sahəni inkişaf etdirməkdir.

Tədbirdə çıxış edən BŞİH Aparatının Kino Xidməti idarəsinin rəisi Gültəkin Nəriman bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 15 faizini əlilliyi olan şəxslər təşkil edir. Hazırda ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş 520 793 nəfərdən çox əlilliyi olan şəxs var. Onlardan 62886 nəfərdən çoxu uşaqlardır: "Əlilliyi olan bu insanların əksəriyyəti cəmiyyətdən kənarda qalır. Bu problemi təkcə onlar yaşamır. Həmin şəxslərə kömək edən ailə üzvləri də onlarla birgə bu problemi yaşayır". Onun sözlərinə görə, əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyası təmin olunmalıdır.

Gözdən Əlillər Cəmiyyətinin sədr müavini, “Sərhədsiz incəsənət” layihəsinin ideya müəllifi və rəhbəri Reyhan Cəfərova layihəyə dəstək olduğu üçün BŞİH başçısı Hacıbala Abutalıbova təşəkkür edib.

"Sərhədsiz İncəsənət” layihəsi çərçivəsində keçirilən tədbirdə dövlət qurumları, kütləvi informasiya vasitələri, ictimai-siyasi birliklər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Azərbaycan hökuməti tərəfindən ayrı-ayrı vaxtlarda əlillərin sosial müdafiəsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.

Tədbirdə gənc əlillərin əl işlərindən ibarət satış-sərgi təşkil edilib. Sonda tiflo və sordo tərcümə olunan "Şərikli çörək" filmindən parça və incəsənət ustalarının konserti təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR