Erməni məsələsi ilə bağlı ingilis dilində nəşr olunmuş kitabların təqdimatı keçirilib

Erməni məsələsi ilə bağlı ingilis dilində nəşr olunmuş kitabların təqdimatı keçirilib
# 23 aprel 2015 09:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Dillər Universitetində tarixçi, rəssam Mir Mövsüm Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı və Milli Məclisin deputatı Musa Qasımlının “Erməni məsələsindən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920)” adlı ingilis dilində nəşr olunmuş kitabların təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, universitet rektorları və professorlar iştirak ediblər.

ADU-nun ingilis dilinin tərcüməsi kafedrasının dosenti Fialə Abdullayeva ingilis dilinə tərcümə etdiyi “1905-1906-cı illərdə erməni-müsəlman davası” və Dünya Siyasəti İnstitutunun böyük elmi işçisi Rahil Nəcəfov “Erməni məsələsindən erməni soyqırımına: gerçək tarix axtarışında (1724-1920)” kitabları haqqında məlumat veriblər. R. Nəcəfov bildirib ki, kitabda erməni xalqının vahid vətəni olmadığı, əslində “erməni soyqırımı” yox, ermənilərin törətdiyi soyqırımların olduğu əksini tapıb.

Aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin ildönümünün qeyd ediləcəyi, ermənilərin isə qondarma “soyqırım”ın 100 illiyi ilə bağlı tədbir keçirəcəyini xatırladan Milli Məclisin deputatı, əməkdar jurnalist Sahib Alıyev ermənilərin uydurma “soyqırım”la bağlı 3 min kitab nəşr etdirdiyini nəzərə çatdırıb: “Hətta inanmayan adam da inanmağa məcbur olur, çünki reklam effekti var. Hətta mütəxəssislər də olmayan soyqırıma özlərini inandırmağa çalışırlar. 1916-cı ildə Osmanlı “erməni soyqırımı”nın olmadığı barədə kitabça hazırladı. Ancaq qosqoca Türkiyənin fəaliyyətinə nəzər salsaq, bu sahədə böyük fəallıq görmürük. Biz də bu iddianın əsassızlığını sübut etmək üçün 3 mindən artıq kitab nəşr etdirməliyik”.

S. Alıyev bu gün təqdimatı keçirilən kitabların daha çox Asiya ölkələrində yayılmasını zəruri sayıb: “Çünki Qərb ölkələrində əslində nə baş verdiyi barədə məlumatlar var. Bu gün Ermənistanın heç bir dəyəri yoxdur, sadəcə, alətdir, silahdır. Bu alətdən Rusiya da, İngiltərə də istifadə edib, ancaq ehtiyatlı olublar ki, özlərinə çevrilməsin”.

Tədbirin bədii hissəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanovun hazırladığı “Çanaqqala 100: Qardaş köməyi” sənədli filminin və “Çanaqqala Türküsü” klipinin təqdimatı keçirilib. Film Çanaqqala savaşlarında həlak olmuş türk əsgərləri və azərbaycanlı könüllülərin xatirəsinə həsr olunub. Layihənin həyata keçirilməsinə “ASAN Xidmət” könüllüləri dəstək veriblər. Təqdimat mərasimində müğənni Sevda Ələkbərzadə “Çanaqqala” türküsünü ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR