AMEA rəhbəri Cənubi Afrika Respublikasına dəvət edilib

AMEA rəhbəri Cənubi Afrika Respublikasına dəvət edilib
# 01 aprel 2015 09:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Cənubi Afrika Respublikasının (CAR) ölkəmizdəki səfiri Vika Mazvi Khumalonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə AMEA rəhbəri Azərbaycan – CAR əlaqələrinin tarixindən, hər iki ölkənin alimlərinin əməkdaşlıq və dostluq münasibətlərindən danışıb.


Sonra akademiyanın tarixi və bu ilin noyabr ayında keçiriləcək 70 illik yubiley tədbirləri haqqında məlumat verən akademik Akif Əlizadə AMEA-nın elmi müəssisə və təşkilatlarında aparılan mühüm elmi tədqiqatlardan danışıb, həmçinin CAR alimləri ilə seysmologiya sahəsində görülən işləri yüksək qiymətləndirib. AMEA rəhbəri Akademiyada ilk dəfə magistratura təhsilinin təşkili, eləcə də müxtəlif biznes qurumları ilə faydalı əməkdaşlıq əlaqələri haqqında qonaqlara məlumat verib.

Vika Mazvi Khumalo CAR-da xüsusilə nanotexnologiya və biotexnologiyaların tətbiqi nəticəsində informasiya texnologiyaları, tibb, müdafiə və kosmos sənayesi sahələrinin inkişaf etdiyini bildirib. Sonra CAR-ın Elm və Texnologiya Nazirliyi yanında Elmi və Sənaye Tədqiqatları Şurasının beynəlxalq biznesin inkişafı üzrə meneceri Peter Qosenin də iştirakı ilə gələcək əməkdaşlıq üçün birgə tədqiqat istiqamətləri müzakirə olunub. Səfir V.M.Khumalo AMEA rəhbərini elmi əməkdaşlıq əlaqələrin genişləndirilməsi məqsədilə Cənubi Afrika Respublikasına səfərə dəvət edib.

Sonda qonaqlara Azərbaycan elmini və mədəniyyətini özündə əks etdirən xatirə hədiyyələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR