SOCAR prezidenti İraqa səfər edib

SOCAR prezidenti İraqa səfər edib
# 13 aprel 2015 13:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İraqın paytaxtı Bağdad şəhərində səfərdə olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində R.Abdullayevlə İraqın neft naziri Adil əbd əl-Məhdi arasında görüş keçirilib. İraqın dövlət neft strukturları rəhbərlərinin də iştirak etdiyi görüşdə İraq-Azərbaycan münasibətlərindən söz açılıb, iki ölkənin neft-qaz sahəsində əməkdaşlığının tarixi kökləri haqqında danışılıb. Vaxtilə İraq üçün neft-qaz mütəxəssislərinin Azərbaycanda hazırlanması qeyd olunub.

R. Abdullayev Azərbaycanın qədim neft diyarı olduğunu, neftçilərimizin dünya sənayesi tarixinə mühüm töhfələr verdiyini söyləyib. O, regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlər, bu uğurlarda SOCAR-ın rolu, şirkətin fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricdəki aktivləri haqqında ətraflı məlumat verib.

A. əl-Məhdi öz ölkəsinin neft sənayesində qazandığı uğurlardan danışıb, dünya bazarında neftin qiyməti ilə bağlı tendensiyalar, İraqın OPEC-dəki fəaliyyəti haqqında məlumat verib. Görüşdə neft və qaz sahəsində Azərbaycanla İraq arasında mümkün əməkdaşlıq perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.

R. Abdullayev İraqın neft nazirini Azərbaycana səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR