FHN Yanğından Mühafizə Bölməsinin əməkdaşının işdən çıxarılma səbəblərini açıqlayıb

FHN Yanğından Mühafizə Bölməsinin əməkdaşının işdən çıxarılma səbəblərini açıqlayıb
# 12 mart 2019 15:11 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (FHN DYMX) Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin 68 nömrəli Yanğından Mühafizə Hissəsinin (YMH) 143 nömrəli Yanğından Mühafizə Bölməsinin sabiq əməkdaşı Elşən Vacib oğlu Babayev son günlər sosial şəbəkələr vasitəsilə guya “əsassız şəkildə işdən çıxarılması” barədə qərəzli məlumatlar yayıb.

ONA-nın məlumatına görə, FHN məsələyə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, 1985-ci il təvəllüdlü, orta təhsilli, FHN DYMX-nin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin 68 nömrəli YMH-nin 143 nömrəli Yanğından Mühafizə Bölməsinin sabiq dispetçeri, daxili xidmət çavuşu Elşən Vacib oğlu Babayev 2015-ci ildə yanğından mühafizə orqanlarında xidmətə qəbul edilib. Xidmət etdiyi müddət ərzində o, özünü intizamsız əməkdaş kimi tanıtmışdır. Belə ki, 2017-ci ildə hissənin manqa komandiri daxili xidmət baş çavuşu Zaur Bəhlul oğlu Qaçayevin adına “Kapital Bank”dan 7000 (yeddi min) manat kredit və əlavə olaraq 300 (üç yüz) manat dəyərində “Bir kart” götürərək ödəniş etməyib. Buna görə Elşən Babayevdən müvafiq izahatlar alınaraq aktlaşdırılıb. Bundan başqa, Elşən Babayev uzun müddət – 23 fevral-22 mart 2018-ci il və 6 aprel 2018-ci il tarixlərində xəstə olmasını əsas gətirərək işə çıxmayıb. İşə çıxacağı zaman xəstəlik barədə tibbi arayış təqdim edəcəyinə söz versə də heç bir arayış təqdim etməyib. Məsələnin araşdırılması məqsədilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına rəsmi müraciət olunub. Həmin xəstəxanadan alınan məlumata görə, Elşən Babayev 19.03.2018-ci il tarixində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinə müraciət edərək 1 ay əvvəlki tarixə aid xəstəlik vərəqəsinin açılmasını xahiş edib. Poliklinika şöbəsi tərəfindən bunun mümkün olmadığı bildirilib və qeyd olunub ki, xəstə müayinə və müalicə olunmadan ona xəstəlik vərəqəsi açılmır.

Beləliklə, üzrsüz səbəbdən dəfələrlə xidmətdən yayınmasına baxmayaraq, şəhid övladı olduğu nəzərə alınaraq humanistlik göstərilərək Elşən Babayev işdən azad olunmayıb, yalnız FHN-in DYMX tərəfindən 25.04.2018-ci il tarixli əmrlə ona “şiddətli töhmət” elan edilib.

Lakin bununla kifayətlənməyən Elşən Babayev qanunsuz hərəkətlərini davam etdirib. O, 09.04.2018-ci il tarixində yenidən xidmətə çıxmayıb. Buna görə izahatı alınıb. İzahatında qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən maddi köməklik məqsədilə ona ödənilən 150 (bir yüz əlli) manat pulun az olduğuna əsəbləşdiyi üçün işə çıxmayıb. Qeyd edək ki, bu hadisədən bir il əvvəl - 2017-ci ildə Elşən Babayev Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən 200 (iki yüz) manat məbləğində yardım alıb.

Elşən Babayev bununla kifayətlənməyərək xidməti intizam qaydalarını pozmaqda davam edib. Belə ki, o, 18.05.2018-ci il tarixində yenidən üzrlü səbəb olmadan işə çıxmayıb. E.Babayevin özü ilə əlaqə saxlamaq mümkün olmadığından yaşadığı Mingəçevir şəhər, V.Abdullayev küçəsi, ev 2, mənzil 26 ünvanında nə özünü, nə də ailə üzvlərini tapmaq mümkün olmayıb. Araşdırmalar nəticəsində əldə olunan məlumata görə, Elşən Babayev 20.05.2018-ci il tarixində intizam qaydalarını kobud şəkildə pozaraq rəhbərliyinə və Xidmətə məlumat verməyərək Gürcüstana gedib. 24.05.2018-ci il tarixində Azərbaycana qayıdan E.Babayev yenidən xidmətə çıxmayıb. Qeyd edək ki, əldə olunmuş məlumata əsasən, Elşən Babayev yaxın ətrafına ailəsi və anası ilə birlikdə Almaniya Federativ Respublikasına gedəcəyini bildirib. Bu məqsədlə, o, 02.06.2018-ci il tarixində anası və ailəsi ilə birlikdə Rusiya Federasiyasına gedib. Ümumiyyətlə, E.Babayev FHN-də xidmətdə olduğu müddətdə xidməti intizam qaydalarını kobud şəkildə pozaraq, aidiyyəti üzrə məlumat vermədən dəfələrlə ölkə hüdudlarını tərk edərək digər ölkələrə gedib.

Elşən Babayevin bütün qanunsuz əməlləri və özbaşınalıqları ilə bağlı faktlar üzrə müvafiq aktlar tərtib olunub. Araşdırmalar nəticəsində Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin 68 nömrəli Yanğından Mühafizə Hissəsinin 143 nömrəli Yanğından Mühafizə Bölməsinin dispetçeri, daxili xidmət çavuşu Elşən Vacib oğlu Babayev tərəfindən intizam qaydalarının dəfələrlə kobud şəkildə pozulması və özbaşınalıqlarının təkrarlanması, edilən xəbərdarlıqlardan və verilən “şiddətli töhmət”dən nəticə çıxarmaması təsdiq olunub. Nəticədə, nazirliyin 25.06.2018-ci il tarixli əmri ilə Elşən Vacib oğlu Babayev fövqəladə hallar orqanlarından xaric edilib.

Qeyd edək ki, şəhid övladı kimi Elşən Babayev və onun ailəsi də digər şəhid ailələri kimi hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Belə ki, 28.09.1995-ci il tarixində E.Babayevin anası İradə Məmmədtağı qızı Babayeva dövlət tərəfindən Mingəçevir şəhəri 20 Yanvar küçəsi, ev 2, mənzil 26 ünvanında 3 otaqlı mənzillə növbədənkənar təmin edilib. Bundan başqa, 15.05.2015-ci il tarixində Mingəçevir Bələdiyyəsinin 09/6 saylı qərarı ilə İradə Babayevaya Tərəvəzçilik sovxozunun yaxınlığındakı ərazidə (35-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən və fərdi mənzil tikintisi üçün nəzərdə tutulan 400 kv.m sahədə dəyəri ödənilmədən torpaq sahəsi verilib. Mingəçevir Bələdiyyəsinin 07.03.2017-ci il tarixli 03/3 saylı qərarı ilə isə Elşən Vacib oğlu Babayevə Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yaşayış məntəqəsi kateqoriyasına aid olan 2-ci zonada yerləşən ərazidən (20 Yanvar küçəsi, 3D) fərdi mənzil tikintisi üçün 273 kv.m torpaq sahəsi ayrılıb. Göründüyü kimi, Elşən Babayev iddia etdiyi kimi, əsassız deyil, öz məsuliyyətsizliyinin və özbaşınalığının nəticəsi olaraq fövqəladə hallar orqanlarından xaric edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR