Azərbaycan və Venesuela arasında rəsmi sənədlər imzalanıb - YENİLƏNİB

Azərbaycan və Venesuela arasında rəsmi sənədlər imzalanıb - <span style="color: red;">YENİLƏNİB
# 22 oktyabr 2016 11:11 (UTC +04:00)

Bakı – APA. Azərbaycan və Venesuela prezidentlərinin məhdud tərkibdə görüşü başa çatdıqdan sonra rəsmi sənədlərin imzalanması mərasimi olub.

APA-nın məlumatına görə, prezidentlər İlham Əliyev və Nikolas Maduro birgə bəyanat imzalayıblar.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu”na Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imza atıb. Nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Venesuela Bolivar Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i də imzalayıb.

Sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlət başçısı İlham Əliyev bəyənatında əmin olduğunu bildirib ki, səfər Venesuela-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm rol oynayacaq: “Biz istəyirik ki, əlaqələrimizi genişləndirək, ikitərəfli formatda çox etibarlı tərəfdaşlıq yaransın. Əminəm ki, buna nail olacağıq. Bizim bugünkü görüşümüzün xüsusi mənası var. Tarixdə ilk dəfədir ki, Venesuela Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Bu səfərin tarixdə çox böyük rolu olacaq”.

Prezident İlham Əliyev deyib ki, iki dövlət başçısı arasında imzalanan birgə bəyannamə dəyərli bir sənəddir: “Birgə bəyannamədə gələcək əməkdaşlıq üçün əsas istiqamətlər müəyyən edilir - siyasi əlaqələrin inkişafı, iqtisadi sahədə əməkdaşlıq, sərmayə qoyuluşu, energetika sahəsində əməkdaşlıq, nəqliyyat, elm, təhsil, ətraf mühitin qorunması. Yəni, bu sənəddə demək olar ki, bütün əsas istiqamətlər öz əksini tapır. Birgə bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müddəaları xüsusilə qeyd etmək istərdim. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı əsasında həll olunması qeyd edilir. Bu ədalətli mövqeyə görə, cənab Prezident, Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Əlavə etmək istəyirəm, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əfsuslar olsun ki, 20 ildən çoxdur davam edir. Bizim beynəlxalq birlik tərəfindən tanınan ərazimizin bir hissəsi işğal altına düşüb. Torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyirlər. Onların arasında, əlbəttə ki, BMT-ni xüsusilə qeyd etmək istərdim. BMT-nin həm Baş Məclisi, həm də Təhlükəsizlik Şurası dəfələrlə qətnamələr qəbul ediblər. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər bu qətnamələr icra edilmir”.

Dövlət başçısı qeyd edib ki, onlar bu gün ticarət əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar: “Qərara gəldik ki, müvafiq qurumlar hər iki ölkənin ixrac imkanlarını öyrənsin və ticarət dövriyyəsinin artırılması üçün əlavə tədbirlər görülsün. Venesuelada istehsal və ixrac olunan bəzi malları biz idxal edə bilərik. Həmçinin bizim istehsal etdiyimiz mallar Venesuelaya ixrac edilə bilər. Beləliklə, biz qarşılıqlı ticarətə də dəstəyimizi vermiş olarıq.

Biz sərmayə qoyuluşu ilə bağlı həm İstanbulda, həm də bu gün fikir mübadiləsi apardıq. Burada da çox gözəl imkanlar var. Sadəcə olaraq, bizim biznes qurumlarımız müəyyən dərəcədə məlumatsızdırlar. Yəni, nə Azərbaycanın, nə də Venesuelanın iş adamları geniş bilgilərə malik deyillər ki, bizim ölkələrdə hansı imkanlar var, hansı işi görə bilərlər. Bu boşluğu aradan götürmək üçün, əlbəttə, ticarət missiyalarının qarşılıqlı səfərləri də çox müsbət rol oynaya bilər”.

Venesuela prezidenti Nikolas Maduronun bəyanatında isə vurğulanıb ki, Azərbaycan prezidenti ilə çox maraqlı və əhatəli müzakirələri olub: “Qoşulmama Hərəkatında tərəfdaşıq. Üç ildən sonra - 2019-cu ildə yenidən buraya, Azərbaycana səfər edəcəyik. Əlbəttə, həmin vaxta qədər çox səfərlərimiz olacaq. Lakin 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Sammiti keçiriləcək. Şəhərin gözəlliyini nəzərə alaraq, bilirik ki, bu Zirvə görüşü çox uğurlu olacaq. Marqarita adasında keçirilmiş toplantıda Qoşulmama Hərəkatı daxilində daha fəal olmaq, yeni əlaqələr, yəni, ölkələrimiz arasında mədəniyyət, humanitar, iqtisadi sahələrdə əsl dərin münasibətlər qurmaq qərarına gəlmişik.

Hazırda ölkəmiz üç illik müddət ərzində təşkilatın sədridir. Azərbaycan isə 2019-2022-ci illərdə təşkilatın sədri olacaq. Buna görə də həmrəyliyin qurulmasında ümumi məsuliyyət daşıyırıq. Biz dünyanın inkişaf edən ölkələriyik. İyirmi birinci əsr bizim əsrimizdir. Bu əsr ərzində mədəniyyətlərimiz, dəyərlərimiz, sülh və inkişaf şəraitində yaşamaq arzumuz hamıya məlum olacaq. 500 il ərzində bir-birimizi tanımamışıq. Lakin bundan sonra bir-birimizi tanıyacağıq. Bakı və Karakas, inkişaf edən iki dövlətimiz inkişafda olan digər ölkələrlə yanaşı, bəyan etmək istəyirik ki, biz xalqlarımız üçün sülh və rifah arzu edirik. Məhz bu məqsəd üçün çalışırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR