Gürcüstan Azərbaycanla mövcud münasibətlərin inkişafında maraqlıdır

Gürcüstan Azərbaycanla mövcud münasibətlərin inkişafında maraqlıdır
# 28 fevral 2017 22:49 (UTC +04:00)

Gürcüstan Azərbaycanla mövcud olan yüksək münasibətlərin inkişafında maraqlıdır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan daxili işlər naziri Giorgi Mqebrişvili fevralın 28-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovla görüşündə bildirib. Görüş zamanı nazir G. Mqebrişvili Azərbaycan və Gürcüstan dövlətinin əsrlər boyu dost və qardaş ölkə olduğunu vurğulayaraq, gələcəkdə də xalqlarımızın mehriban qonşuluq şəraitində yaşayacaqlarına əmin olduğunu bildirib. O, iki qardaş ölkə arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb. Nazir hər iki ölkənin daim sülh şəraitində yaşadığını və bundan sonra da nəinki xalqlarımızın rifahı, hətta regionda inkişafın və sülhün bərqərar olması məqsədilə əlaqələrimizin yüksələn xətlə inkişaf etdrilməsinin vacibliyini xüsusi olaraq qeyd edib.

Səfir D.Həsənov səmimi qəbula və xoş sözlərə görə nazir Mqebrişviliyə öz təşəkkürünü bildirib. O, iki ölkə arasında yüksək səviyyəli əlaqələrin mövcud olduğunu, birlikdə beynəlxalq əhəmiyyətli regional layihələrin həyata keçirildiyini və xalqlarımız arasında mehriban qonşuluq əlaqələrinin olduğunu xüsusi olaraq vurğulayıb. D. Həsənov Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkələrimizin “əsrin müqaviləsi”, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars və digər regionun inkişafına təkan verən uğurlu layihələrin təməlini qoyduğunu bildirib.

Nazir Mqebrişvili Gürcüstanın iki ölkə arasında mövcud olan yüksək səviyyəli münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək, bunun üçün qarşılıqlı səfərlərin, qurumlar arasında məlumat mübadiləsinin aparılmasının vacibliyini qeyd edib.

Sonda nazir Mqebrişvili Gürcüstanın daim qardaş Azərbaycanın yanında olacağını və hər zaman dəstəkləməyə hazır olduğunu bildirib. Səfir Dursun Həsənov öz növbəsində Azərbaycanın Gürcüstana olan münasibətlərinin qarşılıqlı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR