Maire Tecnimont Group-un vitse-prezidenti Bakı Ali Neft Məktəbində olub

Maire Tecnimont Group-un vitse-prezidenti Bakı Ali Neft Məktəbində olub
# 07 sentyabr 2017 09:18 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İtaliyanın Maire Tecnimont Group şirkətinin birinci vitse-prezidenti Canni Bardazzi və şirkətin Azərbaycan üzrə nümayəndəliyi KT-Kinetics Technology şirkətinin rəhbəri Nikolo Heilpernlə görüşüb.

BANM-dən APA-ya bildirilib ki, Elmar Qasımov Ali Məktəbin Maire Tecnimont Group şirkəti ilə əməkdaşlığından söz açıb, bu əməkdaşlıq sayəsində BANM-in tələbələrinin şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirak imkanı qazandıqlarını deyib. Elmar Qasımov Ali Məktəblə birgə təşəbbüs əsasında həyata keçirilən bu proqramın önəmini vurğulayıb.

Canni Bardazzi bildirib ki, rəhbərlik etdiyi şirkətin əsas məqsədlərindən biri də professional səviyyəni yüksəltmək və uzunmüddətli əlaqələr yaratmaqdır. O, BANM-də mühazirə vermək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, bu proqram BANM və İtalyanın Maire Tecnimont Group şirkəti arasında 19 oktyabr 2016-cı il tarixində imzalanmış əməkdaşlıq haqqında razılaşma çərçivəsində həyata keçirilir. 17 həftə davam edən proqram zamanı tələbələr şirkətin müxtəlif şöbələrində təcrübə keçərək texniki biliklərə yiyələnməklə yanaşı, real problemləri həll etməyi öyrənib, liderlik bacarıqları, kommunikasiya bacarıqları, müqavilələrin idarəolunması kimi istiqamətlərlə tanış olublar. Bu təcrübə onlara tikinti ərazisində (Sumqayıt) və şirkətin filialında təcrübə keçməklə KT-Kinetics Technology kimi qlobal şirkətdə bacarıqlarını inkişaf etdirməyə imkan yaradıb.

Bu il BANM-in məzunları Riyad Baxşiyev və Sənan İbrahimov İtaliyanın Maire Tecnimont Group şirkətinin Azərbaycan üzrə nümayəndəliyi KT-Kinetics Technology şirkətinin müəssisələrində təşkil olunan istehsalat təcrübəsi proqramını uğurla başa çataraq həmin şirkətdən iş təklifi alıblar. Hazırda BANM-in məzunları həmin şirkətdə çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR