Sabiq deputat Dünyamin Xəlilovun məhkəməsində təqsirləndirilən şəxslər ifadə verib

Sabiq deputat Dünyamin Xəlilovun məhkəməsində təqsirləndirilən şəxslər ifadə verib
# 02 fevral 2017 11:28 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.

D. Xəlilov və digərləri elan olunan ittiham üzrə özlərini təqsirli bilməyiblər.

D. Xəlilov hazırkı mərhələdə ifadə verməkdən imtina edib.

Digər təqsirləndirilən Mənsur Zeynalov ifadə verərək, "Azərtikinti" MMC-də hüquqşünas kimi işlədiyini bildirib: "Sonra Dünyamin Xəlilovun göstərişi ilə "Kondor Qrup" MMC yaradıldı və mən orada təsisçi oldum. İşlərlə əlaqədar olaraq, tez-tez xaricə gedirdim. Bir qədər sonra məni Vergilər Nazirliyinə çağırdılar. Orada mənə dedilər ki, barəmdə cinayət işi açılıb. Nazirlikdən çıxandan sonra qorxdum və şirkətin rəhbərlik vəzifəsindən imtina etdim. Şirkət adımdan çıxarılıb, Abdulla adlı şəxsin adına keçirildi. Mən MMC-də rəhbər vəzifəsində çalışanda ancaq sənədlərə qol çəkirdim. Şirkətə görə maaş almırdım, lakin digər çalışdığım şirkətdə hüquqşünas kimi mənə məvacib verilirdi".

Təqsirləndirilən Şakir Musayev ifadəsində qeyd edib ki, "İntertekstil" MMC-nin İdarə Heyətinin üzvü olub. O, göstərişi D. Xəlilovdan aldığını deyib: "Dünyamin Xəlilovun göstərişi ilə işçilərimi Beynəlxalq Bankın mərkəzi filialına göndərirdim. Həmin bankda işçilərimin adına kredit ayrılırdı. Lakin onlar kreditin məbləğinin nə qədər olduğunu bilmirdilər. İşçilərim sadəcə, müqaviləyə imza atırdılar".

Sonra Fərhad Əmiraslanov ifadə verib. O deyib ki, 2007-ci ildən "Aqora" MMC-nin direktoru vəzifəsində çalışıb. Onun sözlərinə görə, işlər formal həyata keçirilib: "Kreditin hara xərcləndiyi və pulun kim tərəfindən götürüldüyündən xəbərsizəm. Sadəcə, sənədlərə qol çəkmişəm. Mən Vergilər Nazirliyinə çağırılanda barəmdə cinayət işinin açıldığını bildim".

Seyfulla Seyfullayev ifadə verərək deyib ki, "Səbail Mebel" ASC-nin təsisçisi olub, ancaq sonradan şirkəti Dünyamin Xəlilova satıb. O, kreditin D. Xəlilovun göstərişi ilə alındığını deyib: "Dünyamin Xəlilov şirkəti alandan sonra dedi ki, Beynəlxalq Bankdan kredit götürmək lazımdır. O, dövlət əhəmiyyətli obyekt tikildiyini bildirdi. Buna görə alıq-satqını ləğv edib, 6 milyon manat kredit götürüldü".

Rauf Əliyev isə bildirib ki, Atəşgah Dövlət Tarixi Memarlıq Qoruğunda baş elmi işçi vəzifəsində çalışıb. O, şirkəti dostu Camal adlı şəxsin göstərişi ilə açdığını deyib: "Dostum "İntertekstil" ASC-nin İdarə Heyətinin üzvü Camal dedi ki, mənim adıma şirkət açaq. Heç bir iş görməyəcəyimi söylədi. Şirkət açıldı və mən ancaq sənədlərə qol çəkirdim. Banka da gedib sənədlərə qol çəkdim".

Proses martın 2-də davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR