Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Zagatalada olublar

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Zagatalada olublar
# 21 sentyabr 2017 21:41 (UTC +04:00)

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşları “Avropa İttifaqı Avtobus Turu 2017” layihəsi çərçivəsində ölkənin şimal-qərb bölgəsinə səfər ediblər.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi təşkilatçılığı və yerli İcra Hakimiyyətlərinin dəstəyi ilə baş tutan layihə çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşları bu gün Zagatalada Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında tələbələr, kiçik və orta biznes nümayəndələri üçün marketinq, brendinq və sosial media marketinqi mövzusunda ustad dərsləri keçirib.

Tədbirin sonunda Aİ-nin maliyyə dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbələr, kiçik və orta biznes nümayəndələri üçün Zaqatala Mədəniyyət evində Şəki teatrı aktyorları tərəfindən Molyerin "Aldadılmış ər" tamaşası nümayiş edilib.

“Avropa İttifaqı Avtobus turu 2017” layihəsi çərçivəsində nümayəndə heyəti sentyabrın 22-23 tarixlərində Şəki rayonunda olacaqlar. Şəkidə olacaq iki gün ərzində müxtəlif sosial, mədəni və təhsil yönümlü tədbirlər keçiriləcək.

“Avropa İttifaqı Avtobus turu 2017” layihəsinin əsas məqsədi Azərbaycanın regionlarında insanları Avropa İttifaqı barədə məlumatlandırmaq və mədəniyyəti ilə daha yaxından tanış etmək, həmçinin yerli sakinlərin Avropa haqqında fikirləri ilə tanış olmaqdır.

Qeyd edək ki, “Avropa İttifaqı Avtobus Turu ” layihəsi artıq ikinci ildir ki, təşkil olunur, 2016-cı ildə Gəncə və ətraf rayonları əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR