20 Yanvar faciəsi qurbanlarının xatirəsi AzMİU-da anılıb

20 Yanvar faciəsi qurbanlarının xatirəsi  AzMİU-da anılıb
# 19 yanvar 2017 11:37 (UTC +04:00)

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 1 saylı korpusunda, şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhidlərin xatirə guşəsi”nin önündə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş mitinq keçirilib.

Universitetdən APA-ya verilən məlumata görə, rektorluğun, professor-müəllim heyətinin, tələbələrin qatıldığı tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələri yada salıb, sovet ordusunun paytaxtda, eyni zamanda bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıb. Rektor qeyd edib ki, 20 Yanvar şəhidləri Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.

Gülçöhrə Məmmədova 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini xatırladıb.

Rektorun çıxışından sonra tələbələr 20 Yanvar faciəsi haqqında fikirlərini bölüşüb, şəhidlərin xatirəsini unutmayacaqlarını vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR