Avropa İttifaqı: Azərbaycanda özəl sektor müəyyən sahələrdə işçi tapmaqda çətinlik çəkir

Avropa İttifaqı: Azərbaycanda özəl sektor müəyyən sahələrdə işçi tapmaqda çətinlik çəkir
# 03 oktyabr 2017 10:02 (UTC +04:00)

“Avropa İttifaqı hər zaman Azərbaycanda peşə təhsilinin inkişafına maraq göstərir”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməliyyatlar şöbəsinin rəhbəri Yerun Uilyams bildirib. O qeyd edib ki, Azərbaycanda peşə təhsilinin inkişafına dair strateji yol xəritəsi qəbul edilib, yeni qanun layihəsi hazırlanıb.

Y. Uilyams deyib ki, Aİ əsasən, işəgötürənlərlə peşə təhsili müəssisələri arasındakı əməkdaşlığa xüsusi önəm verir: “Ötən bir ildə Avropa İttifaqı Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın özəl şirkət arasında sorğu keçirib. Sorğu nəticəsində məlum olub ki, peşə təhsili müəssisələrinin verdiyi bilik və bacarıqlar özəl şirkətlərdə olan işlərlə həmahəng deyil. Bir çox halda özəl sektor müəyyən sahələr üzrə müvafiq işçini tapmaqda çətinlik çəkir. Buna görə də düşünürük ki, ölkənizdə peşə təhsili sahəsində islahatların aparılması üçün davamlı dəstək lazımdır”.

Y. Uilyamsin sözlərinə görə, Avropada vahid peşə təhsili modeli yoxdur. Bu sahənin inkişafı üçün bütün ölkələrlə yanaşı, Azərbaycanın da maraqlarına uyğun model seçilməlidir: “Lakin bu zaman əmin olmaq lazımdır ki, peşə təhsili sahəsinin inkişafı özəl və dövlət sektoru ilə peşə təhsil müəssisələri arasındakı əməkdaşlığa əsaslanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR