Bu ilin I yarısında "Şahdəniz" yatağından 5 mlrd. kubmetr qaz və 1,1 mln. ton kondensat hasil edilib

Bu ilin I yarısında "Şahdəniz" yatağından 5 mlrd. kubmetr qaz və 1,1 mln. ton kondensat hasil edilib
# 01 avqust 2018 13:59 (UTC +04:00)

2018-ci ilin 1-ci yarısı ərzində Şahdəniz üzrə fəaliyyətlərə 250 milyon dollardan çox əməliyyat xərcləri və təqribən 798 milyon dollar əsaslı xərclər çəkilib.

"APA-Economics" "BP Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aiddir.

2018-ci ilin I yarısında "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırması davam edib.

6 ay ərzində yataqdan 5 milyard standart kubmetr qaz və 1,1 milyon ton (təqribən 9 milyon barel) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 32 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

Qazma əməliyyatlarına gəlincə, bu ilin II rübündə "Şahdəniz Alfa" platformasında SDA11 quyusunda qazma işləri bitib və indi bu quyuda tamamlama işləri gedir.

"İstiqlal qazma qurğusu SDD04 quyusunu tamamlayıb və sınaqdan keçirib, bundan sonra isə SDG04 quyusunda tamamlama işlərinə başlayıb. Maersk Explorer qurğusu SDH02 quyusunun aşağı hissələrində qazma əməliyyatlarını davam etdirir. Bu iki qurğu Şahdəniz Bravo platformasından hasilat üçün artıq 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında da dörd quyu tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, "Şahdəniz"də iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR