Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb

Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb
# 11 dekabr 2019 16:33 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu Şəhər şossesi, ev 10A, döngə 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliağa Rüstəm oğlu Məmmədova məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər.

AQTA-dan APA-ya verilən məlumata görə, müəssisənin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Sexin bir neçə sahəsi istehsal müəssisəsi üçün əlverişli olmayan materiallardan təşkil olunan arakəsmələr vasitəsi ilə bölünüb. Müəssisədə istifadə edilən alət və ləvazimatların, sobanın, işçi masaların, listlərin, qabların və çörək yığılan rəflərin istismar müddəti keçdiyi və onların təmizlənməsi, dezinfeksiyası normalara uyğun olaraq aparılmadığı müəyyən edilib. Müəssisədə istehsal prosesinin düzgün aparılması üçün zəruri olan texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı aşkarlanıb.

Yoxlama zamanı işçilərin sanitar geyimlərlə təmin olunmadığı, havalandırma sisteminin istismara yararsız olduğu müəyyən edilib.

Eyni zamanda işçilərin dövri tibbi müayinədən keçmələri barədə məlumatlar və xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlər yoxlamaya təqdim edilməyib.

Müəyyən olunub ki, müəssisədə qablaşdırılan hazır məhsulların markalanmasında tələblərə düzgün əməl olunmur. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR