Səfir: “Yaponiya Azərbaycanın inkişafı üçün 1.1 milyard dollardan artıq rəsmi yardım ayırıb”

Səfir: “Yaponiya Azərbaycanın inkişafı üçün 1.1 milyard dollardan artıq rəsmi yardım ayırıb”
# 04 oktyabr 2017 14:02 (UTC +04:00)

Oktyabrın 4-də Ağstafanın Saloğlu kəndində Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilmiş tibb məntəqəsinin tikintisi layihəsinin başa çatması ilə əlaqədar açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərasimdə Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Teruyuki Katori, Mill Məclisin deputatı Məlahət İbrahimqızı və Ağstafa Rayon İcra Hakimiyyətinin BaşçısıMəhərrəm Quliyev iştirak edib.

Açılış mərasimində iştirak edən Yaponiyanın ölkəmizdəki səfiri T.Katori deyib ki, qeyd olunan layihə üzrə qrant müqaviləsi Yaponiya Səfirliyi ilə “Lider Qadınlar İctimai Birliyi” arasında 6 mart 2017-ci il tarixində imzalanıb.

Səfirin sözlərinə görə, həmin layihə çərçivəsində yeni tibb məntəqəsi tikilib və layihənin ümumi məbləği 82,550 ABŞ dolları təşkil edir: “Bu vaxta qədər Ağstafada bu layihə də daxil olmaqla 2 layihə üzrə qrant müqaviləsi imzalanıb.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” bələdiyyələr, tibb institutları və QHT-lərin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması olan layihələrini dəstəkləyir. Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilə bilər”.

Səfir bildirib ki, hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 222 və ümumi dəyəri isə 18,950,433 ABŞ dolları təşkil edir.

Bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü olduğunu xatırladan T.Katori deyib ki, Yaponiya hökuməti Azərbaycanın davamlı inkişafında çox maraqlıdır: “Bu nöqteyi-nəzərdən Yaponiya özünün İnkişafa rəsmi yardım (ODA) proqramı vasitəsilə Azərbaycana enerji, su təchizatı, kənd təsərrüfatı və insan resurslarının daha da inkişafı üçün dəstək göstərməkdə davam edir. Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardımın ümumi məbləği artıq 1.1 milyard ABŞ dollarını keçib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR