Yeni limuzin, "nüvə çemodan"sız andiçmə - Putinin inauqurasiyasından - REPORTAJ

Yeni limuzin, "nüvə çemodan"sız andiçmə - Putinin inauqurasiyasından - <span style="color: red;">REPORTAJ
# 07 may 2018 13:48 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin bu gün dördüncü dəfə and içdi. Bu dəfə andiçmə mərasimi əvvəlkilərdən fərqlənirdi. Həm qonaqların sayına görə, həm də mərasimin təşkilinə görə... Buna kimi keçirilən andiçmə mərasimlərində ən çoxu iki min nəfərə yaxın qonaq iştirak edib. Bu dəfə isə mərasimə 5 min qonaq dəvət olunmuşdu. Hökumət nümayəndələri, deputatlarla yanaşı, dini konfessiyaların rəhbərləri, tanınmış incəsənət nümayəndələri, idmançılar və xarici ölkələrin səfirləri andiçmə mərasiminə qatılmışdılar. Məşhur qonaqlar arasında tanınmış amerikalı kinoaktyor, Hollivud ulduzu Stiven Siqal da var idi... Bu dəfə qonaqlar üçün xüsusi hədiyyə də hazırlanmışdı - gümüşdən hazırlanan xatirə medalı.

APA-nın Moskva müxbiri andiçmə mərasimindən müşahidələrini qeydə alıb.

Moskva vaxtı ilə 11:45-də Rusiya prezidentinin andiçmə mərasimi başladı. Saat 08:00-dan media nümayəndələrinin, 10:00-dan isə andiçmə mərasiminə dəvət olunan qonaqların Böyük Kreml Sarayına axını başladı.

Xarici və yerli jurnalistlər üçün mətbuat mərkəzi yaradılmışdı. Mərasimi ancaq bu mərkəzdə quraşdırılan böyük monitorlardan izləmək mümkün idi. Rusiyanın federal kanalları isə mərasimdən birbaşa canlı yayım verirdi.

Kremlin kurantları çalınır... Monitorlarda Vladimir Putinin Kremlin 1 saylı korpusunda yerləşən iş otağı görünür. Putin iş masası arxasında əyləşib. O, qalxaraq pəncəyini geyinir və otağından çıxır.

Çoxdan gözlənilən sürpriz... yeni Rusiya istehsalı limuzin

Bu dəfə andiçməni əvvəlkilərdən fərqləndirən cəhətlərdən biri Putinin daha "Mercedes Pullman S 600" markalı limuzinlə deyil, məhz Rusiya istehsalı avtomobillə hərəkət etməsi olub. Uzun müddətdir mediada müzakirə olunan prezidentin kortejindəki yeni limuzin ilk dəfə məhz andiçmə mərasimində göründü. Uzunluğu 6 metr 68 santimetr olan "Aurus" adlı prezident limuzini son detalına qədər Rusiya istehsalıdır. Ən müasir avadanlıqlarla təchiz olunan bu limuzin "Kortej" layihəsi əsasında yaradılıb. Limuzindən başqa prezidenti müşahidə edəcək kortejdə yer alan digər nəqliyyat vasitələri də dəyişib. Andiçmə mərasimində görünməsə də, məlumatlara görə, "Kortej" layihəsi əsasında yaradılan prezidentin limuzini müşahidə edəcək avtomobillər yerli istehsal olan "Senat" adlı mikroavtobus və "Kommendant" adlı yolsuzluq avtomobili olacaq. Yeni avtomobillərə Kremlin qüllələrinin adlarının verildiyi bildirilib.

Putin yeni limuzininə minərək motosikletlərin müşayiəti ilə Böyük Kreml Sarayına yola düşür. Kreml Sarayının qapısında onu Kremlin komendantı qarşılayır. Komendantın məruzəsindən sonra Putin Kreml sarayına daxil olur. Pilləkənlərlə ilk öncə Georgiyevsk, sonra isə Aleksandrovsk zallarına daxil olur. Dəhliz boyu dayanan qonaqlara salamlaşan dövlət başçısı andiçmənin keçiriləcəyi Andreyevsk zalına daxil olaraq tribunaya qalxır. Tribunada onu Rusiya Federasiya Şurası Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin qarşılayırlar.

"And içirəm ki, xalqa sədaqətlə qulluq edəcəyəm"

Zorkin dövlət başçısı vəzifəsinə seçilmiş Putindən and içməyi xahiş edir. Putin sağ əlini Konstitusiyanın üzərinə qoyaraq and içir: "And içirəm ki, Rusiya Federasiyası prezidenti səlahiyyətlərini həyata keçirirkən insan və vətəndaş hüquqları və azadlıqlarını qoruyacaq və hörmət edəcəyəm, Rusiya Federasiyası Konstitusiyasına riayət edəcəyəm, dövlətin suverenliyini, müstəqilliyini, təhlükəsizliyini və bütövlüyünü qoruyacaq, xalqa sədaqətlə qulluq edəcəyəm".

Putin and içəndən sonra Konstitusiya Məhkəməsinin sədri onu Rusiyanın dövlət başçısı elan edir. Rusiya himni səslənir. Üç zal boyu düzülən qonaqlar bir ağızla dövlət himnini oxuyurlar.

"Çoxmillətli Rusiya qarşısında məsuliyyəti anlayıram"

Himn bitdikdən sonra Putin ölkə vətəndaşlarına müraciət edib. Dövlət başçısı müraciətində çoxmillətli Rusiya qarşısında götürdüyü böyük məsuliyyətli anladığını bildirir: "Rusiya üçün, onun bu günü və gələcəyi üçün hər şeyi edəcəyimi özümə borc və həyatımın mənası bilirəm. Sizi əmin edirəm ki, həyatımın məqsədi əvvəlki kimi insanlara və Vətənə xidmət olacaq. Bu, mənim üçün hər şeydən üstündür".

Putin prezident seçkilərində ona səs verən, dəstəkləyən vətəndaşlara da təşəkkürünü bildirib: "Bu dəstək Rusiyanın bundan sonra da gücünü möhkəmləndirəcəyinə, insanların daha da yaxşı yaşayacağına inam və ümiddir. Bu cür dəstək beynəlxalq arenada da mövqelərimizi qorumaq üçün çox vacibdir".

"Rusiya müasir və dinamik olmalıdır"

"Rusiya müasir və dinamik olmalıdır, dünyada baş verən dəyişikliklərə, çağırışlara enerjili cavab verməlidir, güclü olduğu sahələrdə liderliyini qoruyub saxlamalıdır. Qarşıda duran yol heç də sadə olmur. Bu hər zaman çətin axtarışdır. Lakin tarix təkcə bircə şeyi bağışlamır: "Bütün dünyada baş verən dəyişikliklər dövründə etinasızlığı, ardıcıl olmamağı tarix bağışlamır".

Müraciətin əsası ölkə vətəndaşlarının sosial durumunun yaxşılaşdırılmasına, elm və texnikanın inkişaf etdirilməsinə, Rusiyanın beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə dair verilən vədlərdən ibarət olub.

"Nüvə çemodanı"nın təqdimatı göstərilmədi ya da olmadı...

Ötən andiçmə mərasimlərindən fərqli olaraq bu dəfə dövlət başçısına hakimiyyət atributlarının, o cümlədən "nüvə çemodanı"nın nümayişi olmadı, ya da protokol andiçmə mərasimindən bu hissəni çıxarmışdı.

Putin vətəndaşlara müraciətindən sonra Böyük Krem Sarayını tərk edir. O, Sobor meydanında Kremlin prezident bölüyünün paradını qarşılamağa gedir.

Sonra isə dövlət başçısı Kremldəki kilsədə Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin xeyr-duasını alır. Beləliklə, Vladimir Putin dördüncü dəfə, daha altı il müddətinə hakimiyyət başına keçir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR