Tiflisdə 17-ci Beynəlxalq Film Festivalının açılışı olub

Tiflisdə 17-ci Beynəlxalq Film Festivalının açılışı olub
# 29 noyabr 2016 02:16 (UTC +04:00)

Noyabrın 28-də Tiflisdəki Amirani kinoteatrında 17-ci Beynəlxalq Film Festivalının açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, festivalı Gürcüstan Mədəniyyət Naziri Mixail Giorqadze açıb.

Sonra Tiflis şəhər meri David Narimania, festivalın yaradıcısı və rəhbəri Qaqa Çxeidze, Almaniyanın Gürcüstandakı səfiri Betine Qadenbax, Göte Universitetinin rəhbəri və “Roza Lüksemburq” filminin rejissoru Marqareta Von Trotta çıxış edərək festivalın vacib və maraqlı bir tədbir olacağını bildiriblər.

Tədbirin açılışında festivalın siyasətə həsr olunduğu bildirilib. Qeyd olunub ki, siyasi həyatdan bəhs edən 10 film və sənədli film seçilib. Festivalda fərqlənən ən yaxşı tammetrajlı film, ən yaxşı rejissor qızıl və gümüş “Prometey” mükafatı ilə təltif olunacaq. Gürcüstan Kino İnkişaf Fondu gürcü filmləri qaliblərinə 3 min laridən 5 min lariyədək mükafat ayırıb. Festival çərçivəsində əvvəlki illərdən fərqli keçirilən milli müsabiqədə ən yaxşı bədii film, ən yaxşı qısa film, ən yaxşı sənədli film nominasiyası üzrə qaliblər müəyyənləşəcək.

Çıxışlardan sonra festival məşhur alman rejissoru Marqareta Von Trottanın “Roza Lüksemburq” filminin nümayişi olub. Dekabrın 3-də beynəlxalq münsiflər heyətinin üzvləri 17-ci Beynəlxalq Film Festivalı çərçivəsində keçiriləcək film müsabiqəsinin qaliblərini elan edəcəklər. Münsiflər heyətinin tərkibinə Almaniya film istehsalçısı Peter Hans, İtalyan rejissoru, ssenarist və yazıçı Davide Ferrari, İsveç film tənqidçisi Eva Foot, gürcü film prodüseri Georgi Bazgadze daxil edilib.

Qeyd edək ki, 17-ci Beynəlxalq Film Festivalı dekabrın 4-də Azərbaycan rejissoru Kamran Şahmərdanın çəkdiyi “Qatil” filminin nümayişi ilə başa çatacaq.

Gürcüstan Mədəniyyət Naziri Mixail Giorqadze APA-ya açıqlamasında 17-ci Beynəlxalq Film Festivalının Tiflisdə təşkil olunmasını yüksək qiymətləndirib: “Bu kino festival Gürcüstanın mədəni həyatında ən vacib hadisələrdən biridir. Mən fəxr edirəm ki, belə bir festivalın açılışında iştirak etdim. Festival çox maraqlı və müxtəlif obrazlı proqram çərçivəsində təşkil olunub. Düşünürəm ki, festival həm iştirakçılara, həm də tamaşaçılara maraqlı olacaq”, nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR