Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Komissiyasının iclası keçirilib

Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Komissiyasının iclası keçirilib
# 04 mart 2019 12:38 (UTC +04:00)

Bu gün Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib.

ONA-nın məlumatına görə, iclasda Komissiyanın həmsədrləri, maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edib.

Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, həmçinin ticarət dövriyyəsinin həcminin artırılması, yanacaq-energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, informasiya-kommunikasiya texnologiyaları, əmək və məşğulluq, səhiyyə, mədəniyyət, turizm, təhsil, gənclər və idman, İslam məsələləri, təhlükəsizlik, hava əlaqəsinin genişləndirilməsi, meliorasiya və su təsərrüfatı, müqavilə-hüquq bazası və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.

S.Şərifov deyib ki, Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir və işğalçı ölkə ilə əlaqə qurmaqdan imtina edir: “Azərbaycanın Səudiyyə Ərəbistanı ilə siyasi əlaqələri yüksək səviyyədə inkişaf etsə də, iqtisadi əlaqələr yetərincə inkişaf etməyib. Məqsədimiz iqtisadi əlaqələri qardaşlıq, dostluq münasibətləri səviyyəsinə qaldırmaqdır”.

Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömər də analoji fikirlər səsləndirib.

İclasda Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Komissiyanın 4-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR