Tiflisdə Bakı-Tiflis-Qars dəmir yolu bağlantısı layihəsi üzrə Koordinasiya Şurasının VIII iclası başa çatıb

Tiflisdə Bakı-Tiflis-Qars dəmir yolu bağlantısı layihəsi üzrə Koordinasiya Şurasının VIII iclası başa çatıb
# 29 yanvar 2010 17:01 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisin “Redisson” mehmanxanasında keçirilən Bakı-Tiflis-Qars dəmir yolu bağlantısı layihəsi üzrə Koordinasiya Şurasının VIII iclası başa çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, iclasda 2009-cu ildə görülmüş işlərin hesabatı dinlənilib və 2010-cu il üçün nəzərdə tutulan büdcənin təsdiqi müzakirə edilərək qəbul olunub. Sonda tərəflər arasında protokol imzalanıb. Müzakirə edilmiş məsələlər protokolda öz əksini tapıb.

VIII Koordinasiya Şurasının iclasından sonra Gürcüstanın iqtisadi-inkişaf naziri Zurab Pololikaşvili və Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov gürcü və Azərbaycan jurnalistləri üçün mətbuat konfransı keçiriblər.

Gürcüstanın iqtisadi inkişaf naziri Zurab Pololikaşvili qeyd edib ki, Bakı-Axalkalaki-Qars layihəsində ləngimə olmayıb. “Biz planla hərəkət edirik. Layihə üzrə hələlik 25-30% iş görülüb. Bu mərhələdə 150 mln. dollarlıq həyata keçirilib. Bu il 100 mln. dollar həcmində iş görməyi nəzərdə tutmuşuq. Hələlik dəmir yolunun bir hissəsi rekonstruksiya edilir. Yanvar ayında işlərimiz bir az dayandı ki, bu da havaların qarlı keçməsi ilə əlaqədardır. Havalar isinən kimi yenə layihə üzrə işlər davam etdiriləcək”.

Nazir APA-nın Gürcüstanla Türkiyənin sərhədində yerləşən körpünün layihə üzrə dəyişdirilməsi sualına cavab verərkən qeyd edib ki, böyük ehtimalla mart ayının ortasında bu məsələ həll olunacaq və layihədə körpünün dəyişdirilməsi göstəriləcək.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə bildirib ki, Koordinasiya Şurasının iclasında torpaqların alınması, dəmir yol dəhlizinin keçdiyi ərazilərdə pay torpaqlarının alınmasının həlli məsələləri barədə fikir mübadiləsi aparılıb: “Gürcüstan tərəfi bildirdi ki, bu məsələnin həllində heç bir problem yoxdur. Bütün tərəflər razılaşdırılıb və bizim hədəfimiz 2011-ci ilin sonuna qədər dəhlizi istismara buraxmaqdır. Bu il layihəyə 100 mln. dollar vəsait ayrılıb”.

Ziya Məmmədov qeyd edib ki, Bakı-Axalkalaki-Qars dəmir yol xətti 2012-ci ilin yayında təhvil veriləcək. Onun istismara verilməsində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri və digər rəsmi şəxslər iştirak edəcək.

Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır. Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır. Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR