Azərbaycan Beynəlxalq Əmək Konfransının 104-cü sessiyasında iştirak edir

Azərbaycan Beynəlxalq Əmək Konfransının 104-cü sessiyasında iştirak edir
# 08 iyun 2015 08:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının 104-cü sessiyası keçirilib. Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv-dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, sessiyanın plenar iclasında çıxış edən İ. İsayev məşğulluğun təminatında mühüm rola malik kiçik və orta sahibkarlığın inkişafı, qeyri-formal məşğulluğun aradan qaldırılması, layiqli, təhlükəsiz və sağlam əməyin təmin olunması sahəsində BƏT-in səylərinin Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, aparılan islahatlar nəticəsində ölkədə sosial yönümlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunmuş milli iqtisadiyyat formalaşıb, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib: “Son 11 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkə iqtisadiyyatına 180 mlrd.. dollara yaxın xarici sərmayə cəlb edilib, işsizlik və yoxsulluq kəskin şəkildə azalaraq 5%-ə enib, sosial və iqtisadi infrastruktur yenidən qurulub, sosial rifahın davamlı yüksəlişi təmin olunub. Respublikada əldə olunan maliyyə imkanları Ermənistan tərəfindən Azərbaycanın 20% ərazisinin işğalı nəticəsində öz ölkəsində məcburi köşkünə çevrilmiş 1 mln.dan çox insanın sosial təminatına və məşğulluğunun həllinə şərait yaradıb”.

“Ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 83%-ə çatıb. Son 10 ildə məşğulluqda özəl sektorun payı 68%-dən 74%-ə yüksəlib, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb və onlar əsasən kiçik və orta sahibkarlıq subyektləridir”, - deyə İ.İsayev bildirib.

İşləyən əhalinin əmək və sosial hüquqlarının təminatı sisteminin təkmilləşdirilməsi yönündə aparılan islahatları diqqətə çatdıran İ.İsayev 2014-cü ilin ən uğurlu nəticələrindən biri kimi MDB məkanında ilk dəfə olaraq Azərbaycanda əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin qurulmasından söz açıb: “Bu sistem işçilərlə əmək münasibətlərinin hüquqi əsaslarını elektron müstəviyə çıxarmaqla, Azərbaycanda əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə, əmək müqavilələrinin bağlanmasında formal yanaşmaların aradan qaldırılmasına imkanlar yaratdı”.

Nazir müavini Azərbaycanda icra olunan məşğulluq strategiyası, sosial partnyorluq sistemini inkişafı, regionların sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin yaradılması sahələrində aparılan işləri və uğurlu nəticələri qeyd edib: “Daxili potensialdan səmərəli istifadə edilməsi, iqtisadiyyatın liberallaşdırılması, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı nəticəsində 1 mln. 300 min iş yerləri yaradılıb ki, onların 79%-i regionlarda, 87%-i qeyri-dövlət sektorunda, əksəriyyəti isə qeyri-neft sektorunda açılıb”.

Səfər çərçivəsində İ.İsayev BƏT-in baş direktoru Qay Rayder, BƏT-in İdarəetmə və Tripartizm departamentinin rəsmisi Kamran Fənnizadə, BƏT-in mütəxəssisi Partik Beltser, BƏT-in Avropa və Mərkəzi Asiya regional ofisinin rəhbəri Haynts Koller, BƏT-in Məşğulluq departamentinin rəhbəri Azita Awad Berar və digərləri ilə görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR