Yüksək Texnologiyalar Parkının yeni loqosu təqdim olunub

Yüksək Texnologiyalar Parkının yeni loqosu təqdim olunub
# 24 noyabr 2016 08:37 (UTC +04:00)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin yeni əmtəə nişanı (loqo) təqdim olunub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, loqo Yüksək Texnologiyalar Parkında elmin və innovasiyanın inkişafını təcəssüm etdirir. Əmtəə nişanının mərkəzində yerləşən əsas elementlər elmi tədqiqatları və yüksək texnologiyaların vəhdətini bildirir. Kənar hissədəki səkkizguşəli ulduz isə Azərbaycan Respublikasının dövlət bayrağı və gerbinin elementlərini simvolizə edir.

Xatırladaq ki, “Yüksək Texnologiyalar Parkı” Azərbaycan prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı əsasında yaradılıb.

Azərbaycan prezidentinin müvafiq fərmanına əsasən, Bakı şəhəri, Pirallahı rayonunda “YT-Park” üçün 50 hektar torpaq sahəsi ayrılıb. Ölkə başçısının digər fərmanı ilə Mingəçevir şəhərində 1,31 hektar ərazidə Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılıb.

Qeyd edək ki, “Yüksək Texnologiyalar Parkı” informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya, kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Parkın fəaliyyəti nəticəsində iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyəti artırılacaq. Müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları sahələri genişləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR