“Bakı” ilə “Lans” klubları arasında əməkdaşlıq müqaviləsi imzalanıb

“Bakı” ilə “Lans” klubları arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 27 sentyabr 2013 08:42 (UTC +04:00)

Bakı – APA. Fransanın paytaxtı Parisdə “Bakı” və “Lans” klubları arasında əməkdaşlıq sazişi imzalanıb. Apasport.az saytının məlumatına görə, artıq Azərbaycan və Fransa təmsilçilərinin işbirliyi yeni müstəviyə qədəm qoymaqdadır.


Parisdə keçirilən ənənəvi beynəlxalq turizm sərgisində ölkəmizin idman sektorunu təmsil edən klubun "Lans"la əməkdaşlıq müqaviləsinin imzalanma mərasiminin də məhz, bu məkanda baş tutması da təsadüfi deyil. Tədbiri Azərbaycanın Fransadakı səfirinin müşaviri Elmar Məmmədov açıb. O, 2 ölkənin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini bildirərək, bu əlaqələrin hər böyük əhəmiyyət daşıdığını ifadə edib. "Bakı"nın bu baxımdan önəmli müqavilə imzalamasını yüksək dəyərləndirən diplomat əməkdaşlığın xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcəyini bildirib.

Paytaxtın eyniadlı təmsilçisinin icraçı direktoru Yaşar Seyidov azərbaycanlı yeniyetmə futbolçuların Fransada çıxışının ölkə üçün xüsusi önəmini və gələcəkdə onların müxtəlif yaş qruplarından ibarət yığmaya da fayda verəcəyini diqqətə çatdırıb.

“Lans” prezidenti Jerve Martel çıxışı zamanı bu yöndə “Bakı"ya dəstək veriləcəyini və bunun hər iki ölkə futbolu üçün vacibliyini vurğulayıb. Həmçinin, o, bu günlərdə UEFA prezidenti Mişel Platininin Bakıya səfərinə diqqət ayıraraq Azərbaycanda futbolun inkişafına ciddi önəm verildiyini ifadə edib.

Sonra "Bakı" və "Lans" arasında əməkdaşlıq sazişi imzalanıb. Tədbirin sonunda klub rəsmiləri və futbolçular xatirə şəkli çəkdirib.

Qeyd edək ki, təntənəli imzalanma mərasimində Fransa futbolunun ulduz futbolçuları Jan Pyer Papen, Olivye Dakurla yanaşı veteran futbolçumuz, olimpiya çempionu İqor Ponomoryov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR