Bədii gimnastımız Aliyə Qarayeva təsnifat mərhələsini 3-cü yerdə başa vurub

Bədii gimnastımız Aliyə Qarayeva təsnifat mərhələsini 3-cü yerdə başa vurub
# 10 avqust 2012 16:17 (UTC +04:00)
Bakı-APA. Bu gün XXX London Yay Olimpiya Oyunlarında bədii gimnastika üzrə yarışın təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, çoxnövçülük üzrə keçirilən turnirdə Azərbaycanı təmsil edən Aliyə Qarayeva finala vəsiqə qazanıb.

İlk günü 5-ci yerdə tamamlayan 24 yaşlı Avropa çempionumuz xalçaya öncə gürzlərlə çıxıb. Onun bu hərəkəti uğurlu alınıb və hakimlər tərəfindən 27,850 xala layiq görülüb.

Gimnastımız lentlə hərəkətinə 4-cü nömrə kimi çıxıb. Bu dəfə də kompozisiyasını səhvsiz başa vuran Aliyə çətin elementlər nümayiş etdirib. Bunun məntiqi nəticəsi olaraq, onun çıxışı 28,200 xalla qiymətləndirib.

Beləliklə, təsnifat mərhələsindəki çıxışını uğurla başa vuran təmsilçimiz finala 24 idmançı arasında 3-cü yerin sahibi kimi yüksəlib. O, 4 hərəkətin cəmində 111,850 xal toplayıb. Qarayevanı yalnız rusiyalılar - Yevgeniya Kanayeva (116,000) və Dariya Dmitriyeva (114,525) qabaqlayıblar.

Bu gimnastlarla yanaşı, həlledici mərhələdə Aliyənin rəqibləri Silviya Miteva (Bolqarıstan, 110,925), Lyubov Çarkaşina (Belarus, 110,450), Jae Yeon Son (Cənubi Koreya, 110,300), Alina Maksimenko (Ukrayna, 110,025), Yoanna Mitrosz (Polşa, 109,750), Reta Nivkin (İsrail, 108,900) və Anna Rizatdinova (Ukrayna, 108,850) olacaqlar. Final mərhələsi sabah keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR