"Audatex" şirkətinin Azərbaycanda fəaliyyətinin ləngiməsinin səbəbləri açıqlanıb - FOTO

"Audatex" şirkətinin Azərbaycanda fəaliyyətinin ləngiməsinin səbəbləri açıqlanıb - <span style="color: red;">FOTO
# 28 iyul 2015 08:03 (UTC +04:00)

Bakı. APA-Economics. İyulda Azərbaycanda fəaliyyətə başlamalı olan "Audatex" şirkətinin Azərbaycanda fəaliyyətinin ləngiməsinin səbəbləri açıqlanıb.

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov "APA-Economics"ə müsahibəsində deyib ki, ləngimə texniki məsələlərlə bağlıdır.

Onun sözlərinə görə, bu sistemin hər hansı yeni bir ölkədə fəaliyyətə başlaması üçün müəyyən işlər görülməlidir. “Bu sistemin Azərbaycanda fəaliyyətə başlaması üçün müəyyən işlər görülməlidir. Bu işlər ondan ibarətdir ki, ilk növbədə, sistem Azərbaycan dilinə tərcümə olunmalıdır. İkincisi və ən vacibi, sistemə Azərbaycan bazarında formalaşmış ehtiyat hissələrinin qiymətləri daxil edilməlidir. Təsəvvür edin ki, Azərbaycanda neçə marka avtomobil, hər birində nə qədər model, onların da hər birinin nə qədər ehtiyat hissəsi var. Bunların da hər birinin öyrənilib sistemə daxil edilməsi müəyyən vaxt aparır. Şirkətdən bildirilib ki, sistem təxminən oktyabrda fəaliyyətə başlayacaq”, - deyə N.Xəlilov vurğulayıb.

N.Xəlilov əlavə edib ki, "Audatex" şirkətinin Azərbaycanda fəaliyyəti ilə bir çox problemlər öz həllini tapacaq.

Qeyd edək ki, "Audatex"in proqram təminatının Azərbaycan sığorta bazarında istifadəsi yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərlərin müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiq olunmasını təmin edəcək. Bunun başlıca üstünlüyü odur ki, zərərlər Azərbaycanda bütün sığorta şirkətləri tərəfindən eyni sistem vasitəsilə qiymətləndiriləcək.

"Audatex" şirkəti avtonəqliyyat vasitələrinin bərpa təmirinin dəyərinin hesablanması üçün proqram təminatının hazırlanması sahəsində dünya lideridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR