Qusarda Azərbaycan Daxili Qoşunlarına silahlı müqavimət göstərən İlqar Mollaçiyevin dəstəsinin üzvlərindən biri həbs olunub

Qusarda Azərbaycan Daxili Qoşunlarına silahlı müqavimət göstərən İlqar Mollaçiyevin dəstəsinin üzvlərindən biri həbs olunub
# 02 sentyabr 2008 14:02 (UTC +04:00)
Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın yerli bürosuna verilən məlumata görə, saxlanılan şəxs avqustun 29-da Qusar rayonunda Azərbaycan Daxili Qoşunlarının hərbçilərinə silahlı müqavimət göstərmiş dəstəyə, «Meşə qardaşları»na ərzaq daşıyıb, onların köməkçisi kimi çalışıb.

Dağıstanın Məhərrəmkənd rayonunun Kasun kəndinin sakini olan P. Mirzəmaqomedovun İ. Mollaçiyevin başçılıq etdiyi 4 nəfərdən ibarət silahlı dəstə ilə birlikdə Azərbaycana keçdiyi və sonradan geri qayıtdığı ehtimal olunur. Dağıstan hüquq-mühafizə orqanları dəstənin digər üzvlərinin tapılıb zərərsizləşdirilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

Qeyd edək ki, Azərbaycanın Qusar rayonunda Daxili Qoşunların hərbçilərinə silahlı müqavimət göstərmiş dəstənin, «Meşə qardaşları» adlandıran qrupun üzvləri vaxtilə Çeçenistan və Dağıstanda ruslara qarşı hərbi əməliyyatlarda iştirak edib.
İ. Mollaçiyevin başçılıq etdiyi 4 nəfərdən ibarət silahlı dəstənin sərhədi keçərək, Azərbaycana daxil olması barədə məlumat hüquq-mühafizə orqanlarına avqustun 25-də daxil olub. Bundan sonra Qusar rayonuna qonşu rayonlardan polislər, Çevik Polis Alayının əməkdaşları, Daxili Qoşunların “Şahin” xüsusi təyinatlıları, Sərhəd Qoşunlarının bölmələri və MTN-in əməkdaşları cəlb olunublar. Avqustun 29-da silahlı dəstənin üzvlərinin Qusarın Həzrə kəndi yaxınlığında gizlənməsi barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında polis və Daxili Qoşunlar əməliyyata başlayıb.
Silahlı cinayətkarlar axtarışın başlandığını hiss edərək meşəyə çəkiliblər.

Qaranlıqda hərəkət edən Daxili Qoşunların «Şahin» xüsusi təyinatlı dəstəsinin hərbçiləri ilə silahlılar arasında atışma başlayıb. Silahlılar hərbçilərə tərəf qumbara ataraq avtomatdan atəş açıb. Nəticədə «Şahin» xüsusi təyinatlı dəstəsinin müddətdən artıq hərbi xidmət keçən qulluqçusu Əli Yolçuyev aldığı 4 güllə yarasından hadisə yerindəcə həlak olub. Hərbçilərə müqavimət göstərə bilməyən silahlı dəstənin üzvləri arasında itkilərin olduğu barədə məlumat əldə etmək mümkün olmayıb. Silahlılardan xeyli sursat və əmlak götürülüb.

Respublika Baş Prokurorluğundan isə hadisə ilə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Prokurorluqdan APA-ya bildirilib ki, istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq İdarəsi aparır. Faktla bağlı hələlik saxlanılan yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR