Bakı Ali Neft Məktəbində “Gənc mühəndislər klubu” yaradılıb

Bakı Ali Neft Məktəbində “Gənc mühəndislər klubu” yaradılıb
# 04 fevral 2014 07:37 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı Ali Neft Məktəbində (BANM) “Gənc mühəndislər klubu” yaradılıb.

Məktəbdən “APA-Economics”ə verilən məlumata görə, “Gənc mühəndislər klubu” orta məktəblərin 7-11-ci siniflərində oxuyan şagirdlərə gələcəkdə mühəndis ixtisasları üzrə təhsillərini davam etdirmək və karyera uğuru qazanmaq üçün peşəyönümlü biliklər vermək və ixtisas seçimində yardım göstərmək məqsədilə yaradılıb.

“Gənc mühəndislər klubu” BANM-nin nəzdində fəaliyyət göstərəcək və öz işini məktəbin, ARDNŞ-ın İnsan Resursları Departamentinin, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin və digər müəssisə və təşkilatlarının maddi-texniki bazası, informasiya resursları və kadr potensialından istifadə əsasında quracaq.

“Gənc mühəndislər klubu” öz fəaliyyətini müvafiq şəhər və rayon təhsil idarələri və şöbələri, orta məktəblərin, liseylərin və hazırlıq kurslarının hər biri ilə qarşılıqlı əlaqələr yaratmaq yolu ilə həyata keçirməyi planlaşdırır. Klub öz fəaliyyətini ictimai əsaslarla, onun layihələrinə cəlb olunmuş əməkdaşların könüllü iştirakı ilə təşkil edəcək və həyata keçirdiyi tədbirlər haqqında geniş ictimaiyyəti daim məlumatlandıracaq.

“Gənc mühəndislər klubu”nun fəaliyyəti hər tədris ili üçün təsdiq olunmuş Tədbirlər Planı əsasında təşkil olunacaq. Klub BANM-nin, İnsan Resursları Departamentinin və Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin əməkdaşlarının, tələbələrin və orta məktəb şagirdlərinin təmsil olunduğu İdarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyətinə BANM-nin Neft-qaz mühəndisliyi kafedrasının müdiri, professor Arif Məmmədzadə rəhbərlik edir. İdarə Heyətinə həmin kafedranın professoru Siyavuş Azakov, dosent Xanum Cəfərova, ARDNŞ-ın İnsan Resursları Departamentinin əməkdaşları Samirə Təhməzova və Roman Süleymanov, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin əməkdaşları Zaur Bəşirov və Ziyad Əliyev daxildir. Gələcəkdə İdarə Heyətinin tərkibinə BANM-nin 3 tələbəsi və 7 orta məktəbin hər birindən 1 fəal şagird daxil ediləcək.

“Gənc mühəndislər klubu”nun İdarə Heyəti ilə [email protected] elektron poçt ünvanı və yaxud 521-00-00 (33-032) nömrəli telefonla əlaqəni saxlamaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR