Ədliyyə naziri Fikrət Məmmədov Zaqatala rayonunda səfərdə olub

Ədliyyə naziri Fikrət Məmmədov Zaqatala rayonunda səfərdə olub
# 06 iyun 2014 12:37 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Ədliyyə naziri Fikrət Məmmədov Zaqatala rayonunda səfərdə olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, nazir Fikrət Məmmədov və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə öncə Heydər Əliyevin abidəsini ziyarət edib, tikintisi başa çatmaq üzrə olan Heydər Əliyev Mərkəzinə baxış keçiriblər.

Daha sonra ədliyyə naziri və Rayon İcra Hakimiyyətin başçısı, habelə bölgənin məhkəmə hakimləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri və ictimaiyyət nümayəndələri Zaqatala rayonunda yeni məhkəmə binasının təməlqoyma mərasimində iştirak ediblər. Mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada aparılan geniş miqyaslı məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb. Bu məqsədlə məhkəmələrin yüksək statusuna uyğun müasir infrastruktur yaradılır, ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olmuş yeni məhkəmə binaları tikilib, bəzi yerlərdə isə yeni binaların təməli qoyularaq intensiv inşasına başlanıb. Zaqatala rayonunda baş vermiş zəlzələdən sonra rayon məhkəməsinin binası qəzalı vəziyyətə düşüb, məhkəmənin fəaliyyəti müvəqqəti olaraq başqa binada davam etdirilib. Dövlət başçısının tapşırığına əsasən Zaqatala rayon məhkəməsinin yeni inzibati binası üçün torpaq sahəsi ayrılıb. Müasirliyi ilə fərqlənəcək məhkəmə binasının ümumi sahəsi 2300 kv. metrdir. İki hissədən ibarət, 3 mərtəbəli binanın 4 hakim otağı, iclas zalı, konfrans zalı, arxivi, məhkəmə zalı, həmçinin poçt, bank və digər sahələr üzrə xidmətlərin yerləşəcəyini bildirib. Məhkəmə binasının inşasının bir il ərzində başa çatdırılması nəzərdə tutulub.

Sonra çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətin başçısı Mübariz Əhmədzadə rayonda gedən geniş quruculuq abadlıq işlərindən danışaraq, göstərilən diqqətə görə ölkə başçısına rayon ictimaiyyəti adından minnətdarlığını bildirib.

Zaqatalaya səfəri çərçivəsində nazir F.Məmmədov regionun məhkəmə və ədliyyə orqanlarına qeydiyyat, notariat və icra qurumlarına baş çəkib, onların fəaliyyəti və iş şəraiti ilə tanış olub. Sonra bölgənin hakimləri və ədliyyə işçilərinin iştirakı ilə zona müşavirəsi keçirilib.

Müşavirədə ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər, o cümlədən qanunun aliliyinin təmin olunması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi peşəkarlığın artırılması, habelə intizamın möhkəmləndirilməsi və qarşıda duran vəzifələr müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR