Vaşinqtonda "Yeni İpək Yolunun Cənub Dəhlizi" adlı tədbir keçirilib - FOTO

Vaşinqtonda "Yeni İpək Yolunun Cənub Dəhlizi" adlı tədbir keçirilib - <span style="color: red;">FOTO
# 19 sentyabr 2013 05:15 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın nüfuzlu Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya – Qafqaz İnstitutunun təşkilatçılığı ilə Vaşinqtonda “Yeni İpək Yolunun Cənub Dəhlizi” adlı tədbir keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə məruzəçilər qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Gürcüstan səfiri Arçil Qeqeşidze və Türkmənistan səfiri Meret Orazov çıxış edib. Diplomatlar təmsil etdikləri ölkələrin “İpək yolu” boyunca həyata keçirilən və ya planlaşdırılan enerji, nəqliyyat, telekommunikasiya layihələri barədə məlumat verib.

Səfir Elin Süleymanov Azərbaycanın region ölkələri ilə gerçəkləşdirilən təşəbbüslərə verdiyi əhəmiyyətdən söz açıb. O qeyd edib ki, həmin layihələr iştirakçı dövlətlər arasındakı əməkdaşlığın inkişafına öz töhfəsini verir.

Azərbaycanın tranzit imkanlarından bəhs edən səfir Bakı-Tiflis-Qars dəmir yolu və Ələt dəniz limanının inşası, habelə Heydər Əliyev adına Beynəlxalq Hava Limanının infrastrukturunun genişləndirilməsi haqqında toplantı iştirakçılarına məlumat verib. O həmçinin TRASECA layihəsi çərçivəsində atılan addımlardan danışıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının avqustda Qəbələdə keçirilmiş 3-cü Zirvə Görüşündə aparılan əsas müzakirələrin məhz qarşılıqlı nəqliyyat şəbəkəsinin inkişafına yönəldiyini xatırladıb.

E.Süleymanov Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsinin vəd etdiyi geniş perspektivlərindən də bəhs edib. Səfir həmin layihənin həyata keçirilməsi üçün platforma rolunu oynayacaq Avrasiya Bağlantı Alyansının təsis olunmasını təklif edən qətnamənin sentyabr ayının əvvəlində BMT Baş Assambleyasında qəbul edilməsini yüksək qiymətləndirib.

Qeyd edək ki, toplantıda ABŞ Dövlət Departamenti, diplomatik korpus və araşdırma mərkəzlərinin nümayəndələri, habelə Con Hopkins Universitetinin tələbələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR