Bakı Dövlət Sirkinin direktoru: “Sirkin hazırkı yeri o qədər də münasib yer deyil” - MÜSAHİBƏ

Bakı Dövlət Sirkinin direktoru: “Sirkin hazırkı yeri o qədər də münasib yer deyil” - <span style="color: red;">MÜSAHİBƏ
# 13 dekabr 2013 13:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadənin APA-ya müsahibəsi

- Vaqif müəllim, dekabrın 27-dən sirkdə yeni tamaşalar nümayiş olunacaq. İstərdim söhbətimizə elə bundan başlayaq. Yeniliklər varmı?

- Məktəblilərin mövsümi tətillərində onlar üçün müxtəlif proqramlar hazırlayırıq. Çalışırıq ki, yeni proqramlarda təkrar nömrələrə yer verməyək. Bu dəfə Rusiya, Ukrayna və İspaniyadan sirk ustaları gələcək. İspaniyadan ailəvi klounlar qonağımız olacaqlar. İllüziya attraksionlarının, ayılarla attraksionların, hava gimnastlarının çıxışı olacaq.

- Bildiyim qədər, sirkin bilet satışı problemi olmur. Hətta bəzən tamaşaçılar biletlərin tapılmamasından gileylənirlər. Bu dəfə vəziyyət necədir?

- Biz biletlərimizi qabaqcadan satırıq. Kim sirkə gəlmək istəyirsə, bileti əvvəldən almalıdır. Tamaşaların gətirilməsi üçün çoxlu vəsait xərclənir. Məsələn, hər tamaşada 40-a yaxın artist iştirak edir. Bunlar hamısı xərcdir. Ona görə də bir ay qabaqdan bilet satışına başlanılır. Televiziyada, metroda, şəhərin müxtəlif yerlərində reklamlarımız gedir. Sirkin hamı tərəfindən qəbul olunan bir qaydası var: tamaşalar üçün müqavilə bağlananda, tamaşa sayına qarantiya verilir. Yəni artist çıxış etmək gələndə, əvvəlcədən şərt kəsir ki, minimum 20-25 tamaşada çıxış edəcək. Ona görə də biz bilet satışını qabaqcadan keçirməyə məcburuq. Sirkdə rahat iştirak etmək istəyən adam biletini əvvəldən almalıdır. Bazar günü nümayiş olunan nömrələr üçün həmin gün bilet istəyəndə, əlbəttə, problemlər olacaq. Adətən belə olur: kimsə öz uşağını gəzməyə çıxarır, istəyir ki, elə həmin gün də bilet alsın, tamaşaya baxsın.

- Həmyerlilərimiz olan sirk ustalarının çıxışı olacaqmı? Yoxsa əcnəbi peşəkarlara üstünlük verilib?

- Bu, hər tamaşada mümkün olmur. Amma çalışırıq ki, imkan olduqca, onların bacarığından istifadə edək. Bizim sirk ustalarımız bütün dünyada çıxış edir. Məsələn, Rafiq Əliyev ailəvi şəkildə Rusiyanın sirk kompaniyasında, Allahverdi İsrafilov Moskva sirkində iştirak edir. Yaxud “Nikulinin Qızıl Sirki”ndə bizim gənc həmyerlimiz altı ay çıxış edib. Halbuki həmin sirkdə çıxış etməyi xalq artistləri arzu edirlər, amma mümkün olmayıb. Bizdə yeni nömrələr yetərincə olur. Adətən, bu proses sirkin özündə olur. Düzdür, dünyada sirk məktəbləri var, amma bu peşə əsasən ailədən gələn sevgi ilə bağlıdır. Məsələn, Rafiq Əliyevin uşaqları da sirk artistləridir. Həmişə deyir ki, uşaqlara ən böyük cəzamız onları sirkə buraxmamaq olar. Yaxud Araz Həmzəyev ailə qurdu, həyat yoldaşı da sirk artistidir. Bəzən ətrafdakı insanlar yeni nəsil sirk artistlərinin yetişməsini görmürlər, amma proses gedir, gənc nəsil gəlməkdədir. O ki qaldı hər proqramda yerli artistlərin çıxışına, təkrar etmək istəyirəm: bu, hər dəfə mümkün olmur.

- Bunun səbəbi nədir? Yəni bizim tamaşaçı nəyə görə daha çox əcnəbi sirk ustalarının çıxışına baxmalıdır?

- Səbəbini deyim. Bizim sirk artistlərimiz xarici ölkələrdə çıxış edəndə, uzun müddətli müqavilələr bağlayırlar. Məsələn, Amerikada, Yaponiyada, Avropa ölkələrində səkkiz-on il çıxış edirlər. Biz böyük əziyyətdən sonra onların bir yerdə Bakıda çıxış etməsinə nail ola bildik və deyim ki, yüksək səviyyəli, möhtəşəm çıxışları oldu. Hər tamaşanı gətirəndə nəzərə alırıq ki, tamaşaçının daha çox nəyə ehtiyacı var? Gəlin, razılaşaq ki, lap həmyerlimiz də olsa, biz onu nə qədər çox istəsək də, tamaşaçı onun eyni nömrəsinə tez-tez gəlib baxmayacaq. Bu, tamaşaçı üçün maraqsız olacaq. Proqramı seçəndə, bütün bu detalları nəzərə alırıq. Bundan əvvəlki proqramda şirlərin nömrəsi var idi. Bu dəfə hətta şirlərin başqa nömrəsini də nümayiş etdirsək, maraqsız olacaq. Yəni biletə pul verən adam şiri keçən dəfə görüb, ona yeni proqram lazımdır. O cümlədən bunu həmyerlimiz olan sirk ustalarına da aid etmək olar. Onlar fasilələrlə gəlməlidirlər ki, insanların arzusunda olsunlar.

- Sualı bir qədər fərqli qoyaq: Azərbaycanın milli sirki nə vaxt olacaq?

- Bizim sirk ustalarından Azərbaycanın xalq artistləri, əməkdar artistlər var. Hətta onların arasında Rusiyanın xalq artistləri də var. Biz yeni peşəkarlar yetişdiririk. Əgər siz yalnız Azərbaycanda fəaliyyət göstərən, çıxış edən artistləri nəzərdə tutursunuzsa, bu təcrübə hətta Avropada da yoxdur. Demək istəyirəm, sirk artisti bir yerdə qalmır. İstəyirsiniz, bunun adını milli qoyaq, azərbaycanlı qoyaq, fərq etməz, onlar həmişə qastrolda olurlar. Truppa teatrlarda olur. Biz hətta truppa qursaq da, o, gələcəkdə dağılacaq. Məsələn, Yaponiya sirki akrobatları istəyəcək, Avropa sirkləri hava gimnastlarını, Rusiya sirkləri təlimçilər və s. Üstəlik, artistlər qastrola 10-15 günlük yox, beş-altı aylıq gedirlər. Bir də görürsən, Yaponiyada çıxış edəndə, İngiltərədən təklif gəldi, artist razılaşdı. Məsələn, Hüseyn Novruzov altı ildir Kanadadan çıxa bilmir. Tofiq Axundov Azərbaycanın və Rusiyanın xalq artistidir, on il Amerikadan çıxa bilmədi. Müqaviləsi başa çatmamışdı deyə, onu Bakıya gətirdə bilmirdik. Başqa tərəfdən də, sirkdə bir nömrə ən azı iki-üç ilə hazırlanır. Yaxud təlimçilər bir nömrəni beş-altı ilə başa gətirirlər.

- Heyvanların “kapriz”lərinə görə əziyyətiniz çox olur? Sirk heyvanları hər qidanı bəyənmirlər, onların “nazı ilə oynamaq” lazım gəlir...

- (Gülür) İnsanlar da belədir. Mal əti yeyəni də var, qoyun ətini xoşlayanı da. Heyvanların öz xüsusiyyəti var, təmiz qida tələb edirlər. Qarışıq, sintetik nəsə olanda, yaxın durmurlar. Sirk heyvanlarının qidalanması xüsusi normativ kitablarla aparılır. Nə qonaqpərvərlik edib artıq verə bilmərik, nə də xəsislik edib yeməyini kəsmək olmaz. Heyvan da artist kimi səhnədə rol oynayır. Yeməyi artıq düşsə, sözə baxmayacaq, oynamayacaq, əskik olsa, aqressivləşəcək. Bir dəfə jurnalistlər şir təlimçisindən soruşdular ki, bu çətin və təhlükəli işin öhdəsindən necə gəlirsiniz? Təlimçi nə desə yaxşıdır? “İnsanlarla işləmək daha çətindir”. Məsələn, adamlar elə bilir, ayı təkcə ət yeyir, amma belə deyil. Bir dəfə ayıdan ötrü üç cür Rusiya istehsalı olan şirinləşdirilmiş süd aldıq, heç birini yemədi. Axırda Türkiyə firmalarının birinin məhsulunu bəyəndi. Yaxud qonur ayıya Rusiyadan, Türkiyədən gələn bahalı peçenyeləri verdik yemədi, Azərbaycanda istehsal olunan ən ucuz peçenyeni xoşladı.

- Ayı olanda nolar, ağzının dadını bilmirmiş...

- (Gülür) Yox, əksinə, elə ağzının dadını ayı bilir. Azərbaycanın ən ucuz peçenyesi daha yaxşı olur. İnandırım sizi, sirk heyvanlarının qida rasionu o qədər çətin olur ki. Himalay ayısı gətirtmişdik, almanın üstündə balaca ləkə olanda, yemirdi. Göyərti, kələm, günəbaxan yağı qarışdırılmış tərəvəzlər verirdik. İki cür çörək alırdıq, bir az boyatlaşandan sonra üstünə yaxşı kərə yağı yaxırdıq, üstündən qoz ləpəsi tökürdük, sonra yenə bir qat yağ, daha sonra kişmiş səpirdik, üstündən bal yaxırdıq, ötürürdü içəri. Hətta həmin qonur ayılara gündə bir şüşə “Xırdalan” pivəsi, iki gündən bir “Yeddi gözəl” çaxırı verirdik.

- Yəqin tamaşadan sonra verirmişsiniz. Əvvəl verilsə, keflənib söz baxmazlar...

- Əlbəttə, tamaşadan sonra. Bu qidaların hər biri hansısa vitamini əvəz edir. Sirkdə ən qorxulu heyvan ayıdır. Xüsusən yazda olan proqramlarda heyvanlarla işləmək çətin olur. Qan qaynayan vaxtı sözə baxmırlar. Bir dəfə şirlərdən biri özünü yaxşı aparmadı, riskli olduğuna görə onu iki gün səhnəyə buraxmadıq.

- Heyvanları saxlamaq üçün normal şəraitiniz varmı?

- Normal şəraitimiz olmasa, xarici artistlər bizimlə işləməyə gəlməzlər. Deməli, normaldır ki, gəlirlər. Dünyanın bütün sirklərində çalışan artistlər Bakıya gəlmək istəyirlər.

- Bakıda sirk üçün heyvan hazırlayan təsərrüfat yoxdur...

- Bizim sirkdə neçə növ heyvan çıxış edir. Onun üçün gərək biz şirlər, ayılar, timsahlar, fillər üçün ayrıca sahələr yaradaq. Bu mümkün deyil. Təzə doğulan heyvanlar zooparkdan, yaxud xaricdən alınır və yavaş-yavaş yetişdirilir. Təlimçi onlara öz uşaqları kimi baxır, bir evdə yaşayırlar. Zooparkda hansısa şəkildə sahə yaratmaq, heyvan yetişdirmək mümkün deyil. Təlimçi bəzən heyvana görə dörd-beş il əziyyət çəkir, amma sonra məlum olur ki, bu heyvan sirk üçün yaramır. Bizim yerli təlimçilərdə də belədir. Gedib meşədən heyvan tutub təlim keçsinlər, yox, bu mümkün deyil. Zooparkdakı bütün heyvanların sənədləri olur və ona uyğun istifadə edilir.

- Təsərrüfatın olmamasının, hazırda Bakıda heyvan təliminin həyata keçirilməməsinin səbəbi həm də sirkin hazırkı imkanlarının məhdud olması deyilmi?

- Əvvəla, ondan başlayaq ki, təmirlə bağlı biz rəsmi heç nə deyə bilmərik. Bircə onu deyə bilərəm ki, dövlət səviyyəsində diqqət mərkəzindədir, inşallah, yaxşı dəyişikliklər gözlənilir. Rəsmi səviyyədə bizə məlumat versələr ki, təmir prosesi başlayacaq, biz həmin xəbəri ilk olaraq sizə verərik. Gələcəkdə texniki problemlər həllini tapandan sonra sirk studiyaları yaratmaq istəyirik.

- Yəni belə başa düşdüm ki, sirkin hazırkı vəziyyəti buna imkan vermir...

- Yox, belə demək olmaz. Bilirsiniz, bu çətin prosesdir. Hansısa təlimçi hər hansı heyvanı bizim adımızdan götürüb səhnəyə hazırlasa da, o, həmişə qastrolda olacaq, Bakıda tapılmayacaq. Həmin adam oturub gözləyə bilməz ki, onun tamaşasına nə vaxt gəlib baxacaqlar. Teatr olsa, bunu etmək olar. Sirkdə belə şeylər baş tutmur. Çünki buna illər lazımdır.

- Xarici artistlər bizim tamaşaçıların etik davranışından razı qalırlarmı? Bildiyim qədər, səhnədə olan heyvanların, artistlərin gözünə, məsələn, lazerlə işıq salırlar...

- Tamaşaçı cürbəcür olur. Biz onlara kömək etməliyik ki, özlərini düzgün aparsınlar. Bu bizim işimizdir. Ümumi götürsək, artistlər tamaşaçılarımızdan narazı getməyiblər. Hətta deyirlər, heç bir sirkdə artistə gül vermək ənənəsi qalmayıb. Bizim tamaşaçılar həssas tamaşaçılardır. Görəndə ki, artist çətin və maraqlı nömrə nümayiş etdirdi, onu qiymətləndirirlər. Tamaşaçılar əsasən hava gimnastları və şirlərin çıxışını səbirsizliklə gözləyirlər. Sirk “xaltura”nı sevmir. Tamaşaçı görəndə ki, sənətkarlar necə həvəslə işləyirlər, onların əziyyətini yüksək tuturlar. Əlbəttə, maariflənməyə həmişə ehtiyac var. 20 metr hündürlükdə olan hava gimnastının gözünə lazer işığı salan uşağın qarşısını birinci növbədə valideyn almalıdır.

- Dövlət büdcəsindən sirkin saxlanılması üçün illik neçə manat pul ayrılır?

- Bu sirr deyil, amma bir tərəfdən də, konkret məbləğ yoxdur. Dövlət büdcəsindən yalnız əməkhaqqı alırıq. Qalan bütün xərcləri özümüz çəkirik. Yəni dövlət büdcəsindən qismən maliyyələşmə olur.

- Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıqlamasında demişdi ki, sirkin binası köhnəlib və onu yeni bina ilə əvəz etmək lazımdır. Siz 1967-ci ildən fəaliyyət göstərən bu binanın təmir olunmasının tərəfdarısınız, yoxsa doğrudan da köhnə binada işləmək olmur?

- Bilirsiniz, bizə hər iki variant sərf edir. Təzə bina olsa, hər şey yeni olacaq, müasir texnikaları yerləşdirməkdə çətinliyimiz olmayacaq. Yenə deyirəm, biz hər ikisinə razıyıq.

- Amma 40 ildən çoxdur insanlar buranı sirk kimi tanıyırlar...

- Hər şeyin zamana ehtiyacı var. 1967-ci il XX əsrdir, üstündən az qala yarım əsr vaxt keçib. Siz yəqin ki, köhnə “Moskviç”də gəzmək istəməzsiniz, düzdür? Bu mənim subyektiv fikrimdir: düzünü deyim ki, Bakı Dövlət Sirkinin hazırkı yeri o qədər də münasib yer deyil. Bura gəlmək tamaşaçılar üçün də əziyyətdir. Nə hansısa parka yaxın deyil ki, tamaşaçı uşağını birbaşa bura gətirsin, nə də metroya yaxınlığı yoxdur ki, gəliş-gediş rahat olsun. Bəlkə daha münasib yer tapmaq olar...

- Məsələn, yeni bina tikilməli olsa, hansı ərazini istəyərsiniz?

- Məsələn, “Bakı Kristal Hall”un yaxınlığı sirk üçün daha münasib yerdir. Hər halda, bu mənim subyektiv fikrimdir. Amma bir şeyə əminəm ki, nə olacaqsa, yaxşısı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR