Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsil mühitində nizam-intizamın, bərabərliyin və dünyəvilik prinsiplərinin təmin edilməsinə xidmət edir. Lakin son günlər bəzi dairələr bu məsələni ideoloji qarşıdurma müstəvisinə daşıyır. Məktəblərdə baş verən insidentlər, dini şüarların səsləndirilməsi və xüsusilə İran mediasının hadisələri dini qarşıdurma kimi təqdim etməsi xarici ideoloji təsir məsələsini gündəmə gətirir.
İranın informasiya resurslarında məktəbli forması ətrafında aparılan müzakirələrin dini hüquqların pozulması kimi təqdim edilməsi xüsusi diqqət çəkir.
Məktəbli forması, yoxsa radikal ideoloji məqsədlər?
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı baş verən bəzi hadisələr zamanı təhsil işçiləri ilə qarşıdurmalar yaşanıb, ictimai asayiş pozulub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakıda bir qrup şəxs məktəblərin normal fəaliyyətinə mane olub, təhsil müəssisələrinə zərər vurub. Hadisələrlə əlaqədar 37 nəfər məsuliyyətə cəlb olunub.
Hadisələr zamanı dini şüarların səsləndirilməsi də diqqət çəkir. Məktəbli geyimi ilə heç bir əlaqəsi olmayan bu çağırışlar təhsil məsələsinin dini-siyasi müstəviyə keçirilməsi təhlükəsini göstərir.
İranın ideoloji təsir şəbəkələri
İranın Azərbaycana yönəlmiş dini-siyasi təbliğat fəaliyyəti bu hadisələr fonunda xüsusi diqqət tələb edir. Bəzi radikal dini qrupların fəallaşması, xarici ideoloji çağırışların yerli hadisələrə təsiri və mümkün koordinasiya əlaqələri nəzərə çarpır.
Xüsusilə SEPAH-la əlaqəli informasiya kanallarının, dini-siyasi platformaların və Azərbaycana yönəlmiş təbliğat resurslarının fəaliyyəti ideoloji təhlükəsizlik baxımından diqqətdən kənarda qalmamalıdır.
İran mediasının informasiya kampaniyası
İranın aparıcı media qurumları Azərbaycandakı hadisələrə geniş yer ayıraraq, vahid məktəbli formasının tətbiqini hicab qadağası kimi təqdim edirlər.
“Mehr” agentliyi materialını “Azərbaycan Respublikası məktəblərində hicab qadağasına etirazların genişlənməsi”, “Tasnim” isə “Azərbaycan Respublikası məktəblərində hicab qadağasına etirazlar davam edir, 37 nəfər saxlanılıb” başlığı ilə yayımlayıb.
“İSNA” da hadisələrə informasiya gündəmində yer ayırıb. “Asr-e İran” nəşri isə məktəblərdə geyim standartlarının tətbiqini Azərbaycanda hicaba qarşı mübarizə kimi xarakterizə edib.
İran mediasının təqdimatlarında vahid məktəbli formasının ölkədə ümumilikdə dini baş örtüyünə qadağa kimi göstərilməsi əsas istiqamət kimi nəzərə çarpır. Halbuki vahid məktəbli geyimi yalnız məktəb daxilinə aid məsələdir. Azərbaycanda heç kimə baş örtüyü və dini inancı ilə bağlı heç bir problem yaradılmır.
İranın ayrı-ayrı media qurumlarının eyni mövzunu oxşar başlıqlarla gündəmə gətirməsi, hadisələri dini qarşıdurma kontekstində təqdim etməsi, hicabla bağlı informasiya manipulyasiyasına yol verməsi belə qənaətə gəlməyə əsas verir ki, proses vahid mərkəzdən idarə olunur. Fakt ondan ibarətdir ki, Azərbaycana qarşı ideoloji təzyiq kampaniyası aparılır.
Dünyəvi dövlətçiliyə qarşı ideoloji təsir
Azərbaycanın dünyəvi dövlətçilik modeli ilə İranın dini-siyasi idarəçilik sistemi arasında prinsipial fərqlər mövcuddur. Məktəbli formasının dini qarşıdurma predmetinə çevrilməsi məhz bu fərqlər fonunda ideoloji təhlükəsizlik məsələsini aktuallaşdırır.
İran mediasının mövzunu davamlı olaraq dini hüquqların pozulması kimi təqdim etməsi, xarici təbliğat resurslarının fəallığı və məktəblərdə yaşanan insidentlər ciddi təhlil tələb edir.
Əsas məsələ təhsil müəssisələrinin ideoloji mübarizə meydanına çevrilməsinin qarşısını almaq, xarici informasiya təsirini müəyyənləşdirmək və Azərbaycanın dünyəvi dövlətçilik prinsiplərini qorumaqdır.
Türkiyədəki dini dairələrin fəallığı
Təəssüf ki, Azərbaycanda vahid məktəbli geyimi ilə bağlı baş verənlər Türkiyədə də bəzi dini-siyasi dairələrin gündəminə çevrilib. Ayrı-ayrı media platformalarında və sosial şəbəkələrdə məktəbli forması məsələsi yanlış istiqamətə yönəldilərək, dini azadlığın məhdudlaşdırılması kimi təqdim edilir.
Bir məqam da xüsusi vurğulanmalıdır ki, Türkiyədə bəzi rəsmi şəxslər, siyasətçilər, tanınmış adamlar da Azərbaycan əleyhinə xor kampaniyasına qoşulub. Onlar hətta iki ölkənin münasibətlərini zədələyə biləcək mövqe nümayiş etdirməkdən belə çəkinmirlər.
Azərbaycanın qanunlarına dil uzatmaq onun daxili işlərinə qarışmaqdır
Baş verənlər təəssüf doğurmaqla yanaşı, istər İran olsun, istər Türkiyə, bir ölkənin rəsmi dairələrinin, vətəndaşlarının, mediasının başqa bir ölkədə baş verənlərə bu şəkildə münasibət bildirməsi heç bir çərçivəyə sığmır. Azərbaycan hökumətinin vahid məktəbli geyimi barədə qərarının icrasına kənardan bu cür reaksiya verilməsi onun daxili işlərinə qarışmaqdan başqa bir şey deyil. Hər ölkə öz qanunları idarə olunur. Hansısa ölkənin başqa bir ölkənin daxili işlərinə qarışması, onun qanunlarına və qərarlarına dil uzatması nə dostluğa, nə qonşuluğa, nə də beynəlxalq hüquq və etikaya sığır.