Azərbaycanlı deputat Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib

Azərbaycanlı deputat Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib
# 25 may 2013 10:04 (UTC +04:00)

Bakı – APA. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 75 ölkəni təmsil edən 250 nəfər parlamentarinin iştirakı ilə Bakı şəhərində illik toplantısında qurumun İdarə Heyətinə seçkilər keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan parlamentinin deputatı Ceyhun Osmanlı İdarə Heyətinə üzv seçilib. Azərbaycanla yanaşı Kanada, Böyük Britaniya, İsveç, Hindistan, Türkiyə və s parlamentariləri olmaqla ümumilikdə 10 nəfər Parlament Şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib. Ceyhun Osmanlı bu vəzifəyə seçilən ilk azərbaycanlı, eyni zamanda post-sovet ölkələrindən olan yeganə parlamentaridir.

Ceyhun Osmanlı Azərbaycanın Dünya Bankı ailəsində mövqeyi ilə bağlı bildirib ki, Azərbaycan son 20 ildə Dünya Bankı ailəsində ən proqressiv mövqeyə malikdir: “Belə ki, Azərbaycan kasıb ölkədən orta gəlirli ölkəyə, daha sonra isə yuxarı orta gəlirli ölkəyə çevrilir. Bu il Azərbaycan könüllü olaraq Beynəlxalq İnkişaf Agentliyinə borcunu ödəyərək donor ölkəyə çevrilmək istiqamətində addım atır. Bu dövlətimizin siyasətinin düzgün yolda olduğunun göstərcisidir”.

Ceyhun Osmanlı öz uğurunu dövlətimizin dünyada artan nüfuzunun hər bir Azərbaycan vətəndaşının dünyadakı mövqeyinə müsbət təsir edəcəyi səbəbi ilə izah edib.

Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin illik toplantısı Bakıda mayın 23-24-də keçirilib. Konfransın yerli təşkilatçısı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıdır.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsi 2000-ci ildə təsis edilib, bütün dünyadan 2 mindən artıq parlamentarini əhatə edir və təşkilatın baş ofisi Parisdə yerləşməkdədir. Şəbəkə Dünya Bankının ofisinin olduğu bütün ölkələri əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR