Fransadakı etirazlar Makron rejiminin sosial-iqtisadi siyasətinə etimadsızlığı üzə çıxarır, Avropada da sosial böhran dərinləşir.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili bildirib.

Deputat deyib ki, 31 oktyabrda Fransa və Almaniyada keçirilən kütləvi etiraz aksiyaları Avropada sosial-iqtisadi problemlərin dərinləşdiyini, cəmiyyətlə hakimiyyətlər arasında narazılığın artdığını göstərir: “Bu hadisələrə yalnız ayrı-ayrı ölkələrdə baş verən etirazlar kimi yanaşmaq düzgün olmazdı. Əslində, biz Avropanın aparıcı dövlətlərində uzun müddətdir yığılıb qalan sosial, iqtisadi və siyasi problemlərin açıq şəkildə üzə çıxmasının şahidi oluruq. Xüsusilə diqqət çəkən məqam odur ki, etirazların əsas iştirakçıları gənclər, tələbələr, məktəblilər və sosial müdafiə məsələlərindən narazı olan müxtəlif təbəqələrin nümayəndələridir. Fransada artıq üçüncü şənbədir ki, kütləvi etiraz aksiyaları keçirilir. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, son aksiyalarda 320 min nəfər iştirak edib, onlardan 70 mini Parisdə küçələrə çıxıb. Təşkilatçılar isə iştirakçıların sayının 500 minə yaxın olduğunu bildirirlər. Nümayişlər zamanı 565 nəfərin saxlanılması, polis əməkdaşlarının xəsarət alması, bəzi şəhərlərdə zorakılıq və dağıntıların baş verməsi vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir. Fransada baş verənləri Makron rejiminin idarəçilik siyasətindən, xüsusilə sosial-iqtisadi problemlərin həllində nümayiş etdirdiyi səmərəsizlikdən kənarda təsəvvür etmək mümkün deyil. İnsanlar artan qiymətlər, yaşayış xərcləri, təhsil sistemindəki problemlər və sosial bərabərsizlikdən narazıdırlar. Makron diktaturası isə bu narazılıqları aradan qaldırmaq əvəzinə, getdikcə daha çox təhlükəsizlik tədbirlərinə və inzibati mexanizmlərə üstünlük verməli olur. Bu isə cəmiyyətlə siyasi hakimiyyət arasındakı etimad problemini daha da dərinləşdirir”.

Almaniyada etiraz aksiyalarının səbəbi
Tahir Mirkişili qeyd edib ki, Almaniyada baş verənlər də Avropada sosial narazılığın coğrafiyasının genişləndiyini göstərir: “Almaniya Avropanın ən böyük iqtisadiyyatıdır və uzun müddət iqtisadi sabitliyin, sosial rifahın nümunələrindən biri hesab olunub. Lakin oktyabrın 31-də 30-dan çox şəhəri əhatə edən etirazlar bu ölkədə də ciddi problemlərin mövcudluğunu ortaya qoydu. “Gen Z regelt” gənclər hərəkatının təşkil etdiyi aksiyalarda 100 mindən çox insanın iştirak etdiyi açıqlanıb. Gənclər yaşayış xərclərinin artmasına, təhsil müəssisələrinin maliyyələşdirilməsindəki çatışmazlıqlara və məcburi hərbi xidmətin mümkün bərpasına etiraz edirlər. Bəzi şəhərlərdə nümayişlərin iğtişaşlara çevrilməsi, Hamburqda barrikadaların yandırılması, Frankfurtda mağazaların, o cümlədən silah mağazasının qarət edilməsi problemin artıq ictimai asayiş müstəvisinə də keçdiyini göstərir. Əslində, Almaniya iqtisadiyyatının üzləşdiyi çətinliklər, sənaye sektorunda rəqabət qabiliyyətinin zəifləməsi, enerji təminatı ilə bağlı problemlər və sosial xərclərin artması cəmiyyətdə narahatlığı gücləndirir. Gənclər isə gələcəklə bağlı qeyri-müəyyənlikdən, təhsil və məşğulluq imkanlarının məhdudlaşmasından narazıdırlar”.

Avropanın qarşısında sistemli problemlər dayanır
Deputat hesab edir ki, Fransa və Almaniyada baş verən hadisələr Avropada daha geniş miqyaslı böhranın əlamətləridir:
“Bu gün Avropa ölkələri eyni zamanda bir neçə ciddi çağırışla üzləşirlər. Enerji böhranının nəticələri, miqrasiya təzyiqləri, inflyasiya, sənaye istehsalının zəifləməsi, sosial təminat sisteminin maliyyələşdirilməsi və təhlükəsizlik məsələləri hökumətlərin imkanlarını məhdudlaşdırır. Bu problemlərin hər biri digərinə təsir edir və nəticədə vətəndaşların gündəlik həyatında özünü göstərir.
Ən ciddi problemlərdən biri isə siyasi hakimiyyətlərin cəmiyyətin gözləntilərinə adekvat cavab verə bilməməsidir. İnsanlar artıq yalnız vədlər eşitmək istəmirlər. Onlar daha münasib yaşayış şəraiti, keyfiyyətli təhsil, iş imkanları, sosial təminat və təhlükəsizlik tələb edirlər. Hakimiyyətlər bu gözləntilərə real nəticələrlə cavab verə bilmədikdə narazılıq daha geniş sosial təbəqələri əhatə edir.
Digər tərəfdən, sosial etirazların zorakılığa çevrilməsi də ciddi təhlükədir. Demokratik cəmiyyətlərdə etiraz etmək hüququ qorunmalıdır, lakin bu hüquq vandalizmə, talançılığa və ictimai təhlükəsizliyin pozulmasına çevrilməməlidir. Fransa və Almaniyada baş verənlər Avropa siyasətçiləri üçün ciddi xəbərdarlıqdır. İqtisadi inkişafın nəticələri cəmiyyətin bütün təbəqələrinin rifahında hiss olunmalı, sosial problemlər vaxtında həll edilməlidir. Əks halda, bu gün küçələrə çıxan gənclərin narazılığı sabah daha geniş siyasi və sosial böhranlara səbəb ola bilər”.