Quba-Xınalıq yolunda növbəti uçqun qeydə alınıb

Quba-Xınalıq yolunda növbəti uçqun qeydə alınıb
# 31 oktyabr 2014 11:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Quba-Xınalıq yolunda uçqun prosesi mütəmadi olaraq baş verir. Bu ərazidə həm sürüşmə, həm də uçqun tipli proseslərin baş verməsi üçün şərait var. Quba-Xınalıq yolunda növbəti uçqun isə bu həftə ərzində qeydə alınıb”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərinin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib. O bildirib ki, uçqun yağıntıların təsirindən olub. Uçqunun geniş ərazini əhatə etmədiyini söyləyən S.Əmiraslanov qeyd edib ki, uçqun materiallarının xırda olması, ümumi ərazinin az olması ciddi təhlükə yaratmayıb.

Nazirlik nümayəndəsinin sözlərinə görə, ölkə ərazisindəki mövcud sürüşmə sahələrində, potensial ərazilərdə müşahidələr, baxışlar və monitorinqlər davam etdirilir: “Yağıntılar mövcud sahələrdəki sürüşmə ehtimalını daha da artırır. Sürüşmənin aktivləşməsinə səbəb olan əsas amillərdən biri də yağıntılardır. Onu nəzərə alaraq monitorinqləri daha da intensivləşdiririk”.

S.Əmiraslanov qeyd edib ki, bu il havaların quraq keçməsi nəticəsində yaranan çatlarda yeni sürüşmə sahələri qeydə alınmayıb. Mövcud olan kövrək ərazilərdə quraqlıqdan əmələ gələn çatlardan sonradan atmosfer yağıntılarının süzülməsi həmin hissələrdə sürüşməni daha da sürətləndirib: "Sentyabr ayında ilk atmosfer yağıntılarından sonra dağlıq rayonlarda bu, özünü göstərib. Bu il havanın quraq keçməsi sürüşmə üçün də səbəblərdən biridir. Torpaqda çatların əmələ gəlməsi, sonradan çatlara suyun süzülməsi sürüşmə prosesini əmələ gətirəcək. Amma yeni bir sürüşmə sahəsi hələ ki əmələ gəlməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR