“Bakcell”in yüksək sürətli LTE şəbəkəsi gələn il Abşeron yarımadasını əhatə edəcək

“Bakcell”in yüksək sürətli LTE şəbəkəsi gələn il Abşeron yarımadasını əhatə edəcək
# 07 oktyabr 2015 13:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bakcell” şirkətinin idarə heyətinin 30 sentyabr tarixli qərarına əsasən, 2016-cı ilin I rübündə “Bakcell”in super yüksək sürətli LTE xidməti Abşeron yarımadasının bütün ərazisini əhatə edəcək.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 4G şəbəkəsinin indiki əhatə dairəsi gələn ilin I rübünə 2,5 dəfə artaraq, Abşeron yarımadasının coğrafi ərazisinin 98,75%-də mövcud olacaq.

Rəqəmlərlə ifadə etdikdə o deməkdir ki, “Bakcell” növbəti 6 ay ərzində əlavə olaraq daha 600 4G baza stansiyası quraşdırmaqla Abşeron yarımadasında fəaliyyət göstərən LTE baza stansiyalarının ümumi sayını 1000-ə çatdıracaq və öz rəqiblərini bu göstərici üzrə əhəmiyyətli dərəcədə üstələyəcək. Bu istiqamətdə artıq başlanılan hazırlıq və quraşdırma işləri gələn ilin I rübünün sonunadək yekunlaşdırılacaq. “Bakcell” smartfon istifadəçiləri üçün nəzərdə tutulan LTE şəbəkəsinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Özünün 400 baza stansiyası ilə “Bakcell” şirkəti hazırda Azərbaycanda ən qabaqcıl və ən böyük 4G operatorudur. Şirkətin 4G şəbəkəsi Bakı əhalisinin 90%-ni əhatə edir və bu genişləndirmə ilə onun əhatə dairəsi bütün Abşeron yarımadasının 98,75%-ni əhatə edəcək.

““Bakcell” öz şəbəkəsini digər operatorlardan daha tez genişləndirmək imkanına malikdir, çünki indi biz abunəçilərimizin artan tələbatlarını qarşılamaq üçün ölkədə ən iri mobil rabitə şəbəkəsinə və əhəmiyyətli internet tutumuna malikik. 4G xidmətinin abunəçiləri də daxil olmaqla, mobil data istifadəçilərimizin sayı sürətlə artmaqdadır. 4G abunəçilərimizin sayı rüb ərzində ikiqat artıb. Biz LTE şəbəkəsinin inkişafına daim sərmayə qoymaqla Azərbaycanda ən böyük 4G operatoru adına layiq olmaq və ölkədə mobil rabitə sahəsinin inkişafını stimullaşdırmaq üçün səylərimizi gələcəkdə də davam etdirəcəyik. Əhatə dairəsinin daha geniş olmasını, habelə 4G şəbəkəsinin imkan verdiyi internetə yüksək sürətli çıxışı tələb edən smartfon istifadəçilərinin spesifik tələbatlarını təmin etmək üçün “Bakcell” şirkəti özünün 4G LTE şəbəkəsinin inkişaf etdirilməsini diqqət mərkəzində saxlayır”, - deyə şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib.

Azərbaycanda keçirilən şəbəkələrin müstəqil keyfiyyət monitorinqlərinin (bençmarkinq) nəticələrinə görə, “Bakcell” özünün 5 300-dən artıq baza stansiyası ilə şəbəkənin keyfiyyəti və yüksək texnologiyaların tətbiqi baxımından bazarda üstünlüyünü qoruyub saxlayır.

“İnanırıq ki, 4G şəbəkəsinin genişləndirilməsi istiqamətində apardığımız işlər 3G şəbəkəsinin inkişaf etdirilməsi üzrə apardığımız və şirkətimizin simsiz data xidmətləri sahəsində aparıcı mövqeyə sahib olması ilə nəticələnmiş işlər kimi uğurlu olacaq. “Bakcell” şirkəti qısa müddət ərzində Azərbaycanın bütün bölgələrində 3G xidmətini təmin etməyə müvəffəq olub. Bu gün biz 4G şəbəkəsini genişləndirməklə yanaşı, bütün ölkə ərazisində əlavə 3G stansiyalarının quraşdırılması üzrə işləri davam etdiririk. Bizim 3G şəbəkəmizin əhatə dairəsi son iki ildə 50% genişlənərək ölkə əhalisinin 93%-ni əhatə edir. “Bakcell” şirkətinin 4G LTE xidmətinin istifadəyə verildiyi vaxtdan biz istifadəçi davranışında iki əsas istiqaməti müşahidə etmişik. Şirkətin 4G abunəçiləri 10 dəfə daha yüksək sürətli mobil data xidmətlərindən orta hesabla iki dəfə çox istifadə edirlər və 4G xidmətindən istifadə etməyə yeni başlayan müştərilər arasında müştəri məmnuniyyəti əhəmiyyətli dərəcədə artıb”, - deyə “Bakcell” in baş texniki direktoru Yigit Berktaş bildirib.

“Bakcell” şirkəti 4G LTE xidmətlərini Abşeron yarımadasının bütün ərazisi üzrə genişləndirdikdən sonra 4G şəbəkəsinin Azərbaycanın digər bölgələrində də quraşdırılması imkanlarını nəzərdən keçirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR