Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala sərmayə qoyuluşu yanvar-avqust aylarında 11% artıb

Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala sərmayə qoyuluşu yanvar-avqust aylarında 11% artıb
# 21 sentyabr 2010 09:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 218,1 mln. manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 11,3% çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi tikinti işlərində istifadə edilmiş vəsaitin 66%-ni təşkil edərək 3 441,8 mln. manat olub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə 3 075,5 mln. manat, qeyri-dövlət müəssisələri 2 142,6 mln. manat vəsait sərf edib. Məhsul istehsalı obyektlərinin inşasında 2 551,4 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 2 666,7 mln. manatlıq vəsaitdən istifadə edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin 78,9%-ni daxili, 21,1%-ni isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil edib, daxili mənbələrdən yönəldilən vəsaitlərin 71,8%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 28,2%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşüb.

Cari ildə büdcədən maliyyələşdirilməsi nəzərdə tutulmuş inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsində 3,549 mlrd. manat vəsait nəzərdə tutulub ki, ilin səkkiz ayı ərzində bu vəsaitin 1 656,4 mln. manatından istifadə edilib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 2 698,2 mln. manat (ümumi vəsaitin 51,7%-i), bank kreditləri 270,7 mln. manat (5,2%-i), büdcə vəsaitləri 1 770,8 mln. manat (33,9%-i), büdcədənkənar fondların vəsaitləri 294,1 mln. manat (5,6%-i), əhalinin şəxsi vəsaitləri 169,8 mln. manat (3,3%-i), digər vəsaitlər 14,5 mln. manat (0,3%-i) təşkil edib.

Cari ilin əvvəlindən əsas kapitala yönəldilmiş bütün vəsaitin 42,5%-i sənaye sahələrinin inkişafına, 5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 3%-i ticarətə, 26,5%-i nəqliyyat və anbar təsərrüfatına, 1,4%-i tikintiyə, 1,1%-i informasiya və rabitəyə, 2,5%-i yaşayışın təşkili və ictimai iaşəyə, 0,1%-i maliyyə və sığorta fəaliyyətinə, 8,1%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 8%-i mənzil tikintisinə), 3%-i dövlət idarəetməsinə, 1,2%-i təhsilə, 1,4%-i səhiyyəyə, 2,8%-i istirahət, əyləncə və incəsənətə, 0,7%-i inzibati və yardımçı xidmətlərin, 0,1%-i peşə, elmi və texniki fəaliyyətə, 0,6%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Hesabat ilinin ötən səkkiz ayı ərzində əsas kapitala yönəldilmiş ümumi vəsaitin 3 626,6 mln. manatı (69,5%-i) qeyri-neft bölməsinin, 625,5 mln. manatı (12%-i) qeyri-neft sənaye bölməsinin, 1 591,5 mln. manatı (30,5%-i) neft bölməsinin inkişafında istifadə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR