Sorğu: Rusiyalıların 36 faizi Moskvanın Qarabağ məsələsində neytral qalmasını istəyir

Sorğu: Rusiyalıların 36 faizi Moskvanın Qarabağ məsələsində neytral qalmasını istəyir
# 12 may 2016 13:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiya əhalisinin 26 faizi Dağlıq Qarabağı müstəqil dövlət, 11 faizi Azərbaycanın, 13 faizi isə Ermənistanın tərkib hissəsi kimi qəbul edir.

APA-nın “izvestia.ru” ya istinadən verdiyi xəbərə görə, bu barədə İctimai fikrin öyrənilməsi Ümumrusiya mərkəzinin keçirdiyi son sorğunun nəticələrində deyilir.

Respondentlərin 44 faizi hesab edir ki, Rusiya bu münaqişədə qanlı toqquşmaların baş verməməsi üçün vasitəçi kimi çıxış etməlidir. 36 faiz isə düşünür ki, Rusiya neytral mövqe sərgiləməlidir.

Rəyi soruşulanların 4 faizi bu münaqişədə Ermənistan və separatçı Xankəndi rejiminin rəhbərliyini, 2 faizi isə Azərbaycanı dəstəkləməyi məqsədəuyğun olduğunu açıqlayıb. Respondentlərin 71 faizi münaqişənin sülh yolu ilə həllinin mümkün olduğunu düşündüyü halda, 15 faiz bunun mümkünlüyünə inanmır.

Sorğuda 1,6 min respondent iştirak edib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR