Bu gün Heybət stansiyasında yeni yoldəyişən quraşdırılıb

Bu gün Heybət stansiyasında yeni yoldəyişən quraşdırılıb
# 09 sentyabr 2016 15:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Eyni zamanda, yeni yoldəyişənlərin quraşdırılmasına başlanılıb.

Qeyd edək ki, son vaxtlar “Azərbaycan Dəmir Yolları” QSC-nin Səngəçal istehsalat bazası yenidən qurulur. Əsas yeniliklərdən biri də budur ki, Səngəçal istehsalat bazasının ərazisində yoldəyişən qurğuların yığılması üçün yeni meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90, eni 16 metr təşkil edir. Bu meydançada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır. Bu, Azərbaycan dəmir yolu tarixində ilk dəfədir.

Artıq yeni meydançada ilk yoldəyişən yığılıb. Həmin yoldəyişən bu gün Heybət stansiyasında quraşdırılıb. İşi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivləri həyata keçirib.

Qeyd edək ki, köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılıb və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli olmayıb. Yeni layihədə daha üstün və fərqli bir üsula əl atılıb. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatının mahiyyətində uzunömürlülük baxımından dəyişmələrə səbəb olacaq.

Yoldəyişən qurğuların tirlərinin hazırlanması üçün Türkiyə şirkəti tərəfindən Ələt şpal zavodunda yeni sex açılıb. Tirlərin hazırlanmasında istifadə edilən bütün metal hissələr Qazaxıstandan gətirilir.

Xüsusi ağırlığa malik olan yoldəyişənləri mənzil başına daşımaq üçün Rusiyadan yeni quruluşlu platforma vaqonlar alınaraq Səngəçal istehsalat bazasına gətirilib. Qurğunun qoyulması və sökülməsində istifadə ediləcək UKS tipli yeni kranın isə yaxın günlərdə gətiriləcəyi reallaşacaq.

Yaxın bir il ərzində dəmir yolunun müxtəlif mənzillərində 100 ədəd belə yoldəyişənin quraşdırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR