Doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı keçirilir

Doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı keçirilir
# 24 may 2016 10:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı başlayıb. APA-nın xəbərinə görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, elm xadimləri, ali təhsil müəssisələrinin rəhbərləri, doktorantlar və gənc tədqiqatçılar iştirak edirlər. Hər il ənənəvi olaraq təşkil edilən konfrans bu dəfə Azərbaycanda “Multikulturalizm ili”nə həsr olunub.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, konfrans gənclərə Azərbaycanın davamlı inkişafını təmin edən elmi baxışlarını, yaratdıqları yeni nəzəriyyə və texnologiyalar haqqında fikirlərini bölüşməyə, elmi biliklərini daha da zənginləşdirməyə imkan verir.

C.Bayramov qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar yeni düşüncəli və geniş dünyagörüşlü gənclərin hazırlanması məqsədlərinə yönəlib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı bildirib ki, Azərbaycanda ali məktəbləri, o cümlədən rəhbərlik etdiyi universitet elmin inkişafına xüsusi diqqət yetirir. Onun sözlərinə görə, ali məktəbin 160-a yaxın doktorantı elmi işlər aparır. Rektor qeyd edib ki, gələcəkdə həmin doktorantların sənaye müəssisələrinə cəlb edilməsi nəzərdə tutulur.

İki gün davam edəcək konfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 650 tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün tanınmış alimlərin rəhbərliyi ilə 17 bölmə, o cümlədən multikulturalizm bölməsi yaradılıb. Konfransın materialları Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən nəşr olunaraq iştirakçıların istifadəsinə veriləcək.

Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının materialları Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxildir.

Plenar iclasdan sonra konfrans işini bölmələrdə davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR