Nazir: "Prezidentin ayırdığı 6 milyon manat 1400-ə yaxın aztəminatlı ailənin biznesinin qurulmasına yönələcək"

Nazir: "Prezidentin ayırdığı 6 milyon manat 1400-ə yaxın aztəminatlı ailənin biznesinin qurulmasına yönələcək"
# 08 aprel 2016 10:59 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 mln. manat ayrılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamının detallarını açıqlayıb.

Nazir "APA-Economics"ə açıqlamasında qeyd edib ki, bir il bundan öncə ünvanlı sosial yardımın verilməsinin müddəti 1 ildən 2 ilə qaldırılıb: "Bu, o deməkdir ki, hətta bu gün hər hansı bir ünvanlı sosial yardım təyin olunmasa belə, bu gün bazada ola 120 mindən artıq ailə ən azı bir il ərzində ünvanlı sosial yardım almaqda davam edəcək. Bu müddət ərzində həmin ailələrin əməkqabiliyyətli üzvlərinin aktiv əmək bazarına cəlb olunması üçün proqramların tətbiqi istiqamətində işlər həyata keçirilməlidir. Ötən il nazirlik Beynəlxalq Əmək Təşkilatının xətti ilə Göyçayda bir pilot layihə, Şamaxıda isə Türkiyənin İTECA təşkilatı ilə bir pilot layihə reallaşdırıb. Göyçaydakı layihədə 21 əlil ailə, Şamaxıdakı layihədə 11 ailə iştirak edib. Onlar iki aylıq tədrisdən sonra özlərinin kiçik biznes planlarını tərtib ediblər və müxtəlif istiqamətlər üzrə ailə biznes təsərrüfatlarını yaradıblar. Onlar heyvandarlıqla, kiçik istilikxanalar təşkil etməklə, kompüter kursları açmaqla, arıçılıqla və sair işlərlə məşğul olmaq istəyənlər var idi. 32 ailənin hər birində bu layihə özünü doğruldub. Ölkə başçısı həmin 6 milyon manatı bunun üçün ayırıb ki, 68 rayonda aztəminatlı ailəyə öz bizneslərini qurmağa yardım edək. Hər rayondan təqribən 20 ailə seçiləcək və bu ailələrin hər birinə təxminən 4 000 manat həcmində kiçik bir biznes qurmağa imkanların yaradılması məsələsinə baxılacaq. Bu işdə bizə Beynəlxalq Əmək Təşkilatı ciddi yardım göstərəcək. Artıq təşkilatla danışıqlar aparılıb. Təşkilatın trenerləri ailələrə dərs keçməyə hazırdır. Onların əmək haqlarını da təşkilat özü verəcək. Təşkilat Azərbaycanda təqribən 136 treneri formalaşdırmalıdır. Sonra həmin 136 nəfər 68 rayonun hər birində 20 ailəni seçib öyrədəcək".

Ailələrin seçilməsinə gəlincə, nazir qeyd edib ki, ilk növbədə ünvanlı sosial yardım alan ailələr seçiləcək: "Ünvanlı sosial yardım alan ailələrin 45%-nin tərkibində o ailələrdir ki, valideynlərdən biri yoxdur. Onlar bu prosesə cəlb olunmayacaq və ailə müavinəti almağa davam edəcəklər. O cümlədən 18 yaşdan aşağı əlil uşaqları olan ailələrə də müavinətlərin verilməsi davam etdiriləcək. Əmək pensiyaları almaq hüququ olmayan insanlara da ailə müavinətlərinin ödənilməsi davam etdiriləcək. Bundan başqa, övladlarının sayı dörddən çox olan ailələrə də ailə müavinətinin verilməsi davam etdiriləcək. Qalan hissəyə nəzərə salsaq görərik ki, elə ailələr var ki, hər birində ən azı iki nəfər əməkqabiliyyətlidir. Onların öz kiçik təsərrüfatını yaradıb, ailə üzvlərinin maddi təminatını təmin etmək imkanları var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR