Nazirlik: Azərbaycanda əməyin mühafizəsi ilə bağlı dövlət siyasəti ümumbəşəri prinsiplərə əsaslanır

Nazirlik: Azərbaycanda əməyin mühafizəsi ilə bağlı dövlət siyasəti ümumbəşəri prinsiplərə əsaslanır
# 28 aprel 2016 12:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edilib və bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunması cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələlərinə cəlb etməkdir.

BƏT-in məlumatına görə, dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr peşə xəstəlikləri nəticəsində təxminən 2,34 mln. nəfər həlak olur. 160 milyondan çox insan müxtəlif dərəcəli bədən xəsarəti alır və ya peşə xəstəliklərinə tutulur. İstehsalat qəzaları nəticəsində dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trln. dolların itirilməsi ilə nəticələnir.

1999-cu ildə MDB-də ilk dəfə olaraq Azərbaycanda Əmək Məcəlləsi qəbul edilib ki, onun 317 maddəsindən 33-ü məhz əməyin mühafizəsi norma, qayda və prinsiplərini, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə edir. Bununla yanaşı, ötən dövrdə ölkəmiz tərəfindən BƏT-in əsas işçi hüquqları ilə bağlı 57 konvensiyası, o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21 konvensiyası ratifikasiya olunub və ölkənin əmək qanunvericiliyi ümumbəşəri dəyərlər əsasında daim təkmilləşdirilib.

Azərbaycanda işçilərə sağlam və normal əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının təmin edilməsinə, istehsalatda baş verən qəza hallarının, əmək xəsarətinin və peşə xəstəliklərinin qarşısının alınması yönündə ölkəmizdə fəal dövlət siyasəti həyata keçirilir. Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında imzalanan 2016-2017-ci illər üçün Baş Kollektiv sazişdə də iş yerlərində əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik məsələlərinə xüsusi yer ayrılıb.

Dövlət Əmək Müfəttişliyi Xidməti bu siyasətin məqsədyönlü icrası istiqamətində müvafiq tədbirlər həyata keçirir. Görülən tədbirlərin əsas məqsədi əmək qanunvericiliyində əməyin mühafizəsi, habelə istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin, bu sahədə işəgötürənlərin vəzifələrinin icrasının təmin edilməsinə yönəlib.

Xidmət tərəfindən bu istiqamətdə təbliğat-maarifləndirmə tədbirləri həyata keçirilir, işəgötürənlərə, əmək kollektivlərinə əmək qanunvericiliyi, əməyin mühafizəsi norma və standartları, qaydaları, istehsalat qəzalarının qarşısının alınması profilaktikası barədə dolğun məlumatlar verilir. İş yerlərində əməyin mühafizəsinin təmin olunması ilə bağlı sosial tərəfdaşlarla birgə də məqsədyönlü işlər aparılır. Həyata keçirilən bu tədbirlər iş yerlərində istehsalat qəzalarının və bu hadisələr nəticəsində zərər çəkənlərin sayının azalması ilə müşahidə olunub. Məsələn, ötən il ərzində ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı əvvəlki 2014-cü illə müqayisədə 33,7%, bu hadisələr nəticəsində həyatını itirənlərin sayı 45,5%, xəsarət alanların sayı isə 40% azalıb.

İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasının təmin edilməsi üçün sığorta şirkətləri ilə qarşılıqlı faydalı əlaqələr də yaradılıb. Bu əməkdaşlığın nəticəsi olaraq, işləyən əhali tam olaraq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə əhatə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR