Braziliya radiosunda Azərbaycan musiqisinə həsr edilmiş veriliş təqdim olunub

Braziliya radiosunda Azərbaycan musiqisinə həsr edilmiş veriliş təqdim olunub
# 17 oktyabr 2015 00:08 (UTC +04:00)

Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, verilişin aparıcısı, Braziliya Simfonik Orkestrin bədii rəhbəri, braziliyalı bəstəkar Pablo Kastellar Azərbaycanın rəngarəng klassik musiqisi və zəngin muğam sənətindən bəhs edərək, ölkəmizin görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlovun yaradıcılıq fəaliyyəti barədə braziliyalı dinləyicilərinə ətraflı məlumat verib. Onun sözlərinə görə, adıçəkilən Azərbaycan bəstəkarlarının əsərləri muğamla sıx bağlıdır və bu bağlantı Azərbaycan musiqi mədəniyyətinin özünəməxsusluğunu səciyyələndirən cəhətdir.

Eyni zamanda, P.Kastellar Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlov və “Qarabağ” muğam triosu (xalq artisti, xanəndə Mənsum İbrahimov, əməkdar artist, tarzən Elçin Həşimov, əməkdar artist, kamança ifaçısı Elnur Əhmədov) barədə danışaraq onların 2007-ci ildən etibarən bir çox xarici ölkələrdə həyata keçirdiyi simfonik muğam layihəsinin əhəmiyyətini qeyd edib.

Veriliş zamanı Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “Azərbaycan kappriçiosu”, Vasif Adıgözəlovun “Qarabağ Şikəstəsi”, Asəf Zeynallının “Muğam sayağı”, Həsən Rzayevin “Cahargah stilində rapsodiya” və digər əsərlərdən parçalar səslənib.

P.Kastellar Azərbaycan musiqisinə həsr edilmiş konsertin keçirilməsinin Braziliya ictimaiyyəti, həmçinin Braziliya Simfonik Orkestri üçün unikal təcrübə olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR