Türkiyənin "Pegasus" şirkəti Rusiyadan olan reysləri təxirə salmağa başlayıb

Türkiyənin "Pegasus" şirkəti Rusiyadan olan reysləri təxirə salmağa başlayıb
# 04 yanvar 2016 08:57 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İl başlayandan Türkiyəyə məxsus “Pegasus Airlines” aviaşirkəti Moskva və Krasnodardan İstanbula nəzərdə tutulan 6 reysi təxirə salıb.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, aviadaşıyıcı səbəbin əlverişsiz hava şəraiti olduğunu bildirsə də, şirkətin Rusiyadakı tərəfdaşları bunun viza çətinlikləri ilə bağlı olduğunu deyiblər.

Moskvanın "Domodedovo" aeroportunun tablosundakı məlumatlara əsasən, Moskva-İstanbul reysi üzrə hərəkət edən reyslər ya təxirə salınıb, ya da gecikmə ilə gerçəkləşib. Yeni ilin ilk 3 günündə Krasnodar-İstanbul reyslərində də eyni hal müşahidə olunub.

“Pegasus Airlines” aviaşirkətinin Rusiyadakı nümayəndəliyi uçuşların təxirə salınmasının sanksiyalarla bağlı olmadığını söyləyib. Şirkətdən bildirilib ki, gecikmə və təxirəsalınmalar İstanbuldakı əlverişsiz hava şəraiti ilə əlaqədardır.

"Domodedovo" aeroportundan isə onlar tərəfindən hər hansı problemin olmadığı bildirilib.

“Pegasus”un Rusiyadakı ofisində çalışan şəxslərdən biri Rusiya-Türkiyə münasibətlərinin korlanmasından sonra şirklətin bu problemlərlə qarşılaşdığını deyib: “Şirkətdə növbəli heyət çalışır və uçuşların adi qaydada təşkil olunması üçün personalda kifayət qədər viza yoxdur”.

Qeyd edək ki, Rusiya və Türkiyə arasında vizasız rejim yanvarın 1-dən dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR