Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 22 Fevral

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 22 Fevral
# 22 fevral 2016 17:09 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ


ABŞ Türkiyəyə hərbi dəstək vermədi. Bəlli idi, bu dəstəyin olmayacağı təqdirdə, Türkiyə Suriyaya qoşun yeritmək fikrindən daşınacaqdı. Bu vaxta qədər Türkiyə rəsmiləri, başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, bir neçə dəfə Suriyada PKK terror təşkilatının qanadı olan PYD-yə qarşı hərbi əməliyyatlara başlayacaqlarını açıqlamışdılar. Bununla əlaqədar sərhədə 15 minlik ordu və ağır hərbi texnika da yeridildi və ordu Ankaradan əmr gözləməyə başladı.

Müttəfiq də var idi - Səudiyyə Ərəbistanı... Krallıq Suriyaya 150 minlik qoşun yeridiləcəyini açıqladı və bu qüvvələrin adı çəkilən ölkəyə Türkiyə ərazisindən daxil olacağı açıqlandı. Hətta Türkiyə İncirlik bazasını səudiyyəlilərin ixtiyarına verdi və ərəblər ora dörd qırıcı da gətirdi. Bu addımlar və Ankaranın "Suriyaya qoşun yeridiləcək" xəbərdarlıqları həm də Vaşinqtona bir mesaj idi.

Dövlət Departamenti hər belə açıqlamadan sonra öz reaksiyasını verdi və Suriyadakı kürd birləşmələrini terror təşkilatı kimi tanımadığını, dolayısı ilə bu addıma qarşı olduğunu sərgilədi. Başda Ərdoğan olmaqla Türkiyə rəsmiləri qurumun sözçüsü səviyyəsində verilən bəyanatları ciddi qarşılamadılar. Ankarada baş verən terror aktı və Türkiyənin bu aktı məhz PYD-nin təşkil etdiyini bildirməsi isə Suriyaya qoşun yeridiləcəyi məsələsinin reallığa çevriləcəyini görüntüləyirdi. Amma Barak Obamanın türkiyəli həmkarı ilə telefon danışığı bu fikrin üstündən xətt çəkdi və məsələyə nöqtə qoyuldu.

Xarici işlər naziri Mövlud Çavuşoğlunun bugünkü açıqlaması bunu təsdiq edir... Artıq Türkiyədən belə bəyanatlar eşitməyəcəyik. Beləliklə, "Ankara terroru da cavabsız qaldı" deyə bilərik...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR