Qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb

Qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb
# 15 sentyabr 2016 14:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid qismində ifadə verən polis əməkdaşı Elvin Əliyev deyib ki, hadisə ilə bağlı məlumatı olsa da, təqsirləndirilən şəxslə heç bir ünsiyyəti olmayıb və hadisə baş verən əraziyə getməyib.

Sürücü Şahin Nərimanov isə Sumqayıta gedərkən yolda meyit gördüyünü deyib: "Mən meyitin yanından keçdim, tanınmaz halda idi. Meyit yolun ortasında qalmışdı, maşınlar üstündən keçirdi. Amma düşüb meyitə baxan yox idi".

Hakim məhkəmə istintaqının tamamlandığını elan edib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi sentyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi Sumqayıt şəhərində baş verib. Şəhər sakini, 1968-ci il təvəllüdlü Gülnaz Dadaşovanın üzərində xəsarətlər olan meyiti yol kənarında aşkar edilib. İlkin olaraq polisə G. Dadaşovanın müəyyən edilməmiş avtomobillə vurulması və hadisə yerində ölməsi barədə məlumat verilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində G. Dadaşovanın münaqişə zəminində həmyerlisi, 1975-ci il təvəllüdlü Elman Əhmədov tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edilib. E.Əhmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR