"Qırmızı Körpü"nün inkişafına dəstək layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib

"Qırmızı Körpü"nün inkişafına dəstək layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib
# 01 mart 2017 13:01 (UTC +04:00)

Bu gün "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkşafına dəstək" layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib.

Tədbirin açılış mərasimində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev, Gürcüstanın maliyyə nazirinin birinci müavini, Gürcüstan Gömrük Xidmətinin rəhbəri Giorgi Tabuaşvili, Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard, BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Qulam İshaqzai və onun Gürcüstanda fəaliyyət göstərən həmkarı Niels Skott iştirak ediblər.


BMT İnkişaf Proqramının Azərbaycandakı strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyevin moderatorluğu ilə keçirilən iclasda layihənin qısa təqdimatı olub və "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin 2017-ci il üzrə iş planına dair müzakirələr aparılıb.

Tədbirdən sonra iştirakçılar öncə Gürcüstan tərəfindən "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində sanitar və fitosanitar laboratoriyaların sadələşdirilməsi üzrə tikintinin layihəsi və planı ilə tanış olublar.

Daha sonra iştirakçılar Azərbaycan tərəfindən "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində gömrük terminalı kompleksinin planı ilə tanış olublar.


"Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və DGK tərəfindən birgə icra olunur.


Layihənin əsas məqsəd Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fitosanitar yoxlamaları gücləndirmək, həmçinin "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etməkdir.

Jurnalistlərə açıqlamasında A.Əliyev bildirib ki, layihə gömrük rəsmiləşdirilməsinin daha sürətli aparılmasına, eyni zamanda ticarət dövriyyəsinin artmasına səbəb olacaq: "Nəqliyyat dəhlizinin inkişafı ilə bağlı olan bu layihə ətrafında uzun müddət danışıqlar aparılırdı. Layihəyə dair anlaşma 2015-ci ildə imzalanmışdı. Ötən ilin mayın 5-də Gürcüstan tərəfinin iştirakı ilə təqdimetmə mərasimi keçirildi. Layihənin təşəbbüskarı Avropa İttifaqı olub. Layihənin ümumi dəyəri 2,6 milyon avro təşkil edir ki, burada Azərbaycana ayrılan maliyyə yardımının məbləği 1 milyon 329 min avrodur. Hazırda Gürcüstan ərazisində hər iki tərəfin istifadəsi üçün nəzərdə tutulmuş böyük kompleks tikilir. Orada fitosanitar nəzarətin həyata keçirilməsi işləri aparılacaq. Bununla yanaşı, layihə çərçivəsində Azərbaycana ayrılan vəsait hesabına respublikamızın ərazisində 9 hektar ərazidə logistik ticarət mərkəzinin tikintisi aparılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR