Mövsüm Səmədovun kassasiya şikayəti üzrə məhkəmə prosesinin vaxtı məlum olub

Mövsüm Səmədovun kassasiya şikayəti üzrə məhkəmə prosesinin vaxtı məlum olub
# 30 sentyabr 2017 11:51 (UTC +04:00)

Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun kassasiya şikayəti üzrə məhkəmə prosesinin vaxtı məlum olub.

Vəkil Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, kassasiya şikayətinə noyabrın 22-də Ali Məhkəmədə baxılacaq. Prosesə hakim Əli Seyfəliyev sədrlik edəcək.

Qeyd edək ki, bir müddət əvvəl 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədov Qaradağ rayon Məhkəməsinə təqdimat verərək bildirib ki, Mövsüm Səmədov islaholunmaz məhkumdur. Məhkumlar arasında radikal dini söhbətlər, təbliğat aparır. Rəis təqdimatında Mövsüm Səmədovun 3 il müddətinə Qobustandakı qapalı rejimli həbsxanaya göndərilməsini istəyib.

Qaradağ rayon Məhkəməsində M. Səmədovun cəza rejiminin dəyişdirilməsi ilə bağlı təqdimata baxılıb. Məhkəmə təqdimatı təmin edib. M. Səmodovun 3 il müddətinə qapalı rejimli həbsxanaya köçürülməsi barədə qərar qəbul edib. Həmin qərardan verilən apellyasiya şikayəti isə təmin edilməyib. Şikayətdə qərarın ləğvi istənilib. Bundan sonra M. Səmədov vəkili vasitəsi ilə kassasiya şikayəti verib.

M. Səmədov 2011-ci ildə dövlət çevrilişinə cəhddə və qanunsuz silah saxlamaqda təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

O, ittihamları qəbul etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR